“Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Üçüncü tərəfləri prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”. Bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. Bəs maraqlıdır, Türkiyə Prezidentinin nəzərdə tutuğu üçüncü tərəflərin “zəhəri” nə vaxt bitəcək?
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, Azərbaycan və Türkiyənin siyasəti bu münaqişəyə son qoyulmasına və ədalətin bərqərar olmasına yönəlib: “Ermənistan 30 il ərzində məsələni öz xeyrinə istifadə edib və bunu davam etdirmək fikrindədir. Ona görə üçüncü tərəflər Ermənistanda reallıqdan uzaq bir illuziya yaradırlar. Revanşist qüvvələrə dəstək verirlər. Bu baxımdan Ərdoğanın çağırışı sözügedən qüvvələrə aiddir. Üçüncü tərəflər sülh prosesini əngəlləmək cəhdlərindən çətin ki, əl çəkələr. Çünki onlar konflikt vasitəsilə bölgəni idarə etməyə çalışırlar. Bu gediş dünya praktikasında çox yerlərdə tətbiq olunur. Məsələn, Tayvan mövzusu, Hindistan və Pakistan arasında Kəşmir məsələsi və s. Bəlkə də, dünyada 100-ə yaxın oxşar münaqişə ocağı var. Sözügedən qüvvələr münaqişəni bu və ya digər formada yaradıb, onları təsir dairəsində saxlamağa çalışırlar. Azərbaycan həlledici addımlar atır. Bizim ərazimizdə münaqişə ocağı yoxdur. Gərginlik Ermənistanla sərhəd bölgəsində var. Buna görə də məsələ həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə öz siyasətini yeridir. Azərbaycan-Türkiyə tandemi bu məsələdə inamlıdır və tam həll olması üçün səylərinə davam edəcəklər”. Məhərrəm Əliyev, Bizim.Media