Siyasət

"Makron Cənubi Qafqazla bağlı məqsədinə çata bilməyəcək" - Hikmət Babaoğlu

"Emmanuel Makron Ermənistanla bağlı addımlarında daha diqqətli olmalıdır. Fransa prezidentinin bu şəkildə məqsədlərinə çatması mümkün görünmür".   Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistan baş naziri Nikol Paşinyanın Fransa səfərini şərh edərkən deyib. Hikmət Babaoğlunun sözlərinə görə, Paşinyanın Parisə səfərinin məqsədi Fransadan daha çox hərbi yardım almağa hesablanıb: "Makron da onun tələblərini qarşılamağa söz verib. Doğrudur, Makron Ermənistana müdafiə silahlarının verilməsindən danışdı. Amma əminik ki, Fransanın Ermənistanı silahlandırması təkcə müdafiə xarakterli silahlarla yekunlaşmayacaq".   Həmsöhbətimizin sözlərinə görə, Fransa prezidentinin aqressiv və birtərəfli davranaraq, bütün regional maraqlarını kənara qoyaraq, strateji hədəflərini sadəcə Ermənistan üzərindən həyata keçirməyə çalışır: "Amma bu doğru deyil. Çünki Cənubi Qafqaz elə də böyük region deyil ki, burada sadəcə Ermənistan kimi dövlətlə tərəfdaşlıq etməklə nəyəsə nail olmaq mümkün olsun. Cənubi Qafqaz kiçik regiondur. Burada digər tərəfdaşların, xüsusən də Azərbaycanın maraqlarını nəzərə almadan heç nəyə nail olmaq mümkün deyil. Makron bütün bunları mütləq nəzərdən keçirməlidir. Ona görə də Ermənistanla bağlı addımlarında daha diqqətli olmalıdır. Bu şəkildə Makronun məqsədlərinə çatması mümkün görünmür".  Deputat qeyd edib ki, bu şəkildə atılan addımlar regionda vəziyyəti daha da gərginləşdirir və bu da sülh prosesilə ziddiyyət təşkil edir: "Bu proseslərin nəticəsi olaraq isə sülhün gec əldə olunmasından daha çox Ermənistan ziyana düşəcək". Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri və burada prezident Emmanuel Makronla görüşü fonunda iki ölkə arasında müdafiə sahəsində bəzi yeni əlaqələrin qurulduğu bildirilir. Paşinyanla görüşdə Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. İddialara görə, Parisin Ermənistana verdiyi və verəcəyi silahlar müdafiə silahlarından ibarətdir. Amma Ermənistanın işğalçı siyasətdən hələ də əl çəkmədiyini nəzərə alsaq, verilən bu silahlardan İrəvanın növbəti təxribatlar üçün istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz.  Rüfət Sultan