Siyasət

Zelenskinin Azərbaycana göndərdiyi yeni səfir KİMDİR?

Ukrayna Azərbaycana yeni səfir təyin edib. Prezident Volodimir Zelenskinin fərmanı ilə Yuri Qusev Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib.  Qeyd edək ki, hazırda Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiydir. O, 1973-cü il tarixində Vinnitsa şəhərində anadan olub. Uzun illər diplomatik nümayəndəliklərdə çalışıb və 2019-cu ildə Azərbaycana səfir təyin edilib.  Bizim.Media xəbər verir ki, “modern.az” yeni səfirin kim olduğunu araşdırıb.  

44 yaşlı Qusev Ukraynanın müdafiə sektorunda çalışıb. İxtisasca iqtisadçı olan yeni səfir Ukrayna müdafiə nazirinin keçmiş müavini (2014—2016) və Xerson Regional Dövlət Administrasiyasının rəhbəri (2019-2020) kimi yüksək vəzifələrdə işləyib.  Qusev bu illər infrastruktur nazirinin, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifələrində də çalışıb. 2019-cu il keçirilən parlament seçkilərində Xalqın Xidmətçisi Partiyasından deputatlığa namizədliyi siyahı üzrə irəli sürülüb, lakin seçkilərdə iştirakını davam etdirməyib.  2020-ci ildə o, Ukraynanın müdafiə sənayesindən məsul olan "Ukroboronprom" şirkətinin direktoru vəzifəsinə gətirilib və ötən ilin iyun ayında qədər bu vəzifədə çalışıb.  "Ukroboronprom" dövlətə məxsus hərbi sənaye kompleksi müəssisələrinin birliyidir. Quruma silahların, hərbi və xüsusi texnikanın və döyüş sursatlarının işlənməsi, istehsalı, satışı, təmiri, modernləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıqda iştirak edən müdafiə sənayesi müəssisələri daxildir.  2023-cü ilin iyununda prezident Zelenski Yuri Qusevi “Ukroboronprom”un baş direktoru vəzifəsindən azad edib. Həmin vaxt mətbuat yazırdı ki, Qusev prezidentdən onu Ukraynanın müdafiə sahəsində sıx əlaqədə olduğu Avropa ölkələrindən birinə diplomat kimi göndərməyi xahiş edib.  Bizim.Media