Siyasət

"Paşinyan hakimiyyəti üçün artan təhlükəni hiss edir" - Ekspert

"Rusiya Ermənistan əhalisini ölkədə dövlət çevrilişi etməyə çağırıb". "France 24"ün məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, Moskvanın ona qarşı təbliğatı dayanmır. Baş nazir rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib. "Biz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik", deyən baş nazir İrəvanın tələblərinin cavabsız qalacağı təqdirdə "nəticələrin" olacağı barədə xəbərdarlıq edib. O, həmçinin Ermənistanın Moskvanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının "dondurulduğunu” izah edib, eyni zamanda Ermənistanda Rusiyanın hərbi bazasının saxlanmasının gündəmdə olmadığını bildirib. Siyasi şərhçi Xəqani Səfəroğlu Qaynarinfo-ya açıqlamasında vurğulayıb ki, Ermənistanın KTMT-də fəaliyyətini dondurması barədə Paşinyanın açıqlaması Moskvaya qarşı növbəti demarşdır: "Paşinyan Fransa televiziyasına müsahibəsində Moskvanı onu devirmək cəhdində də ittiham edib. 2023-cü ilin  sentyabrından sonra Moskva-İrəvan münasibətləri kəskin çalar almağa başlayıb. Bunun bir sıra səbəbləri var. Əsas  detallardan biri Paşinyanın Azərbaycanla sülh sazişindən qaçmaq cəhdidir. Fransanın timsalında özünün yeni hamilərinin məsləhətləri əsasında yeni "sülh masası" qurmağa çalışan Paşinyan bu masaya digər beynəlxalq aktorları gətirmək istəyir. Bununla Ermənistan-Azərbaycan sülh sazişində beynəlxalq təhlükəsizlik təminatı əldə edəcəyinə ümid edir".  Xəqani Səfəroğlu vurğulayıb ki, Paşinyan bölgədə enerji layihələrindən kənarda saxlanma təhlükəsindən sığortalanmağa çalışır: "Digər tərəfdən, Paşinyanın Ermənistana yeni müttəfiqlər axtarışı Moskvanın qəzəbləndirir. Bu, İrəvanın əli ilə Cənubi Qafqaza yeni oyunçunun daxil olması deməkdir. Rusiya isə bu logisitik qovşağda özü söz sahibi olmaq niyyətindədir. Paşinyan Ukrayna müharibəsinin dünyada yeni düzən yaradacağına inanır. O, Moskvanın Qərblə savaşında zəifləyəcəyini, bu situasiyada İrəvanın bölgədə yeni geopolitik fürsət qazanacağına ümid edir. Paşinyan bu fürsəti ona Fransanın verəcəyinə ümid edir. Fransanın Avropa İttifaqının timsalında İrəvana dəstəyi həm də Parisin Qafqazda Britaniya nufuzuna qarşıdır". Siyasi şərhçi bildirib ki, Fransanın niyyəti Ermənistana yardım etmək deyil: "Paris logistika savaşında itridiyi mövqelərini Qafqazdakı yeni şəraitlə kompensasiya etmək istəyir. Zəngəzur dəhlizi bu sırada əsas hədəfdir. Paris özünün siyasi gedişlərində İran və Rusiya arasında bölgə ilə bağlı geopolitik ziddiyyətlərindən yararlanmaq məqsədini də  güdür. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılmasına qarşı Rusiyanın bölgədə ənənəvi müttəfiqi sayılan İran Fransa ilə eyni mövqedən çıxış edir. Moskva logisitik  qovşaqlarını, enerji yollarını Asiyaya diversifikasiya elədiyi taleyüklü bir zamanda Ermənistanın buna qarşı getməsi mürəkkəb situasiya yaradır.  Rusiya-Azərbaycan münasibətlərini bəhanə gətirən Paşinyan burada avanturaya əl atır. Süni sərhəd gərginliyi ilə sülh prosesinə əngəl yaradan İrəvan Moskvaya öz şərtlərini nümayiş etdirməyə uğursuz cəhd edir. Ermənistanın KTMT-də fəaliyyətini dondurması əslində Moskva üçün elə də ciddi amil deyil. Rusiya ilə Ermənistan arasında hərbi bazanın bu ölkədə 2040-cı ilə qədər saxlanması barədə ikitərəfli müqavilə var. Yəni Ermənistanda Rusiya hərbi gücü KTMT ilə müəyyən olunmur. Paşinyan sadəcə Moskvadan onun hakimiyyəti üçün getdikcə artan təhlükəni hiss edir. Odur ki, demarş edərək Moskvaya "sövdələşmə" təklif edir. Bütövlükdə, Cənubi Qafqazda Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən sonra yeni şərait yaranıb. Bakı yüz ildən çox yaşı olan "daşları" yerindən tərpədərək bölgənin geopolitik tablosunu dəyişdirib. Azərbaycan bu qələbə ilə Ermənistanın geopolitik mövqeyinə sarsıdıcı zərbə vurub". Siyasət şöbəsi