Siyasət
Kremlin yeni hədəfi: Növbə Cənubi Qafqaza çatacaqmı? (ŞƏRH)
Erməni politoloqlar bildirirlər ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatda qalib gəldikdən sonra Cənubi Qafqazda öz mövqeyini bərpa edəcək. Ermənistan Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, Qərb və ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistan hakimiyyətini əlində alətə çevirib:
"Ermənistan rəhbərliyi Rusiya ilə müttəfiqlik münasibətlərinə tam yenidən baxılması kursunu davam etdirir. Bu, əslində, mövcud gərginliyin əsas səbəbidir. Rusiya təhlükəsizlik sahəsində problemlərin olduğunu başa düşür və hesab edir ki, məhz Ermənistan rəhbərliyinin hərəkətləri İrəvana yardımın ya qeyri-mümkün, ya da çətinləşməsinə gətirib çıxarıb. Təbii ki, Ukrayna ətrafında baş verənlər Rusiyanın Cənubi Qafqaz regionundakı proseslərə təsir imkanlarını nəzərəçarpacaq dərəcədə məhdudlaşdırıb və bu, bir neçə dəfə müzakirə olunub. Amma problemin kökü Ermənistan hakimiyyətinə inamsızlıqdadır. Rusiya öz regional siyasətini Ermənistanın müttəfiq olmadığı paradiqmada qurmağa məcburdur”.
Politoloq vurğulayıb ki, Moskva getdikcə Ermənistanın öz yanlış hesablamaları ucbatından Türkiyə və Azərbaycana qarşı tək qalacağı, Qərbin isə gözləntilərin əksinə olaraq, imdadına çatmayacağı ssenarisini dilə gətirir:
"Görünür, İrəvan öz milli maraqlarını deyil, başqa ölkələrin göstərişlərini rəhbər tutur. Yaxud səhvən belə hesab edirlər ki, anti-Rusiya ritorikası nə qədər sərt olsa, Ermənistan Qərbdən bir o qədər çox yardım alacaq. Ermənistan rəhbərliyi unudur ki, Qərbin Azərbaycanla öz maraqları var. İndi Fransanın yeni strateji müttəfiq olduğunu, onun köməyinə gələcəyini, Ermənistana təcavüzə yol verməyəcəyini söyləmək dəb halını alıb. Soruşmaq istəyirəm, 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Praqa Bəyannaməsi imzalananda Paşinyan, Mişel və Əliyevlə kim bir masa arxasında oturub? Makron oturmamışdı? Mən Fransa ilə münasibətlərin kəsilməsinin tərəfdarı deyiləm, lakin bu münasibətləri digər ölkələrlə, xüsusən də müttəfiqlərlə əlaqələrlə müqayisə etmək olmaz".
O bildirir ki, ABŞ-dakı siyasi proseslər nəzərə alınarsa, Ermənistan rəhbərliyinin davranışı ikiqat qəribə və risklidir:
"Respublikaçılar Partiyası hakimiyyətə gələrsə - və bu ehtimal çox yüksəkdir - Cənubi Qafqaz Vaşinqtonun xarici siyasətinin diqqət mərkəzində olmaqdan tamamilə çıxacaq və Türkiyənin Amerika administrasiyası üçün rolu xeyli artacaq. Respublikaçılar Ankaranın Yaxın Şərqdə Moskva və Tehrana qarşı çəkindirici kimi güclənməsində maraqlı olacaqlar. Təbii ki, Ərdoğan Qərb üçün problemli müttəfiqdir, amma hər halda müttəfiqdir. Rusiya Federasiyası getsə belə, onun yerini Qərbin tutacağı fakt deyil. İran Qərbin Cənubi Qafqazda güclənməsinə imkan verməyəcək".
Siyasi şərhçi Kənan Rövşənoğlu Qaynayinfo-ya açıqlamasında bəyan edib ki, Rusiyanın Qafqazda zəiflədiyini demək bəsit düşüncə olardı:
"Sadəcə, Moskvanın başı Ukraynada qarışıb, üstəlik indi Qafqaza diqqət artdığı üçün nisbətən ehtiyatlı davranır. Ancaq aydın məsələdir ki, Moskva Qafqazı əldən verməməyə çalışır və bu cəhdlərini qarşıdakı dövrdə daha da artıracaq. Çünki Qərb də Qafqazda fəallaşır və ciddi nailiyyəti var. Ermənistan demək olar ki, Rusiyanın orbitindən çıxmaqdadır və Rusiya buna görə faktiki olaraq heç nə edə bilmir".
Kənan Rövşənoğlu hesab edir ki, Gürcüstan böyük ölçüdə Qərbə doğru getsə də, indiki hakimiyyət Rusiya ilə münasibətləri saxlayır:
"Amma aydındır ki, əgər Qərb qalib gəlsə, Gürcüstan Qərbə, Rusiya qalıb gəlsə Moskvaya yaxınlaşacaq. Azərbaycan isə heç bir tərəfin Qafqazda birmənalı güc olmasını istəmir. Çünki bu Bakını manevr imkanlarından məhrum edə bilər. Buna görə də Bakı keçmiş balanslı siyasətin davamında maraqlıdır, Qafqazın birmənalı olaraq hansısa güc mərkəzinin təsiri altında olmasını istəmir".
Siyasi şərhçi bildirib ki, ötən əsrin 90-ci illərində Bzejinskinin proqnozlaşdırdığı kimi, post sovet məkanında əsas gərginlik nöqtələri Ukrayna, Cənubi Qafqaz və Orta Asiyada Özbəkistan olacaq:
"Ukraynada proses davam edir, sırada isə Qafqaz var. Bunu son 2-3 ildə baş verənlər də göstərir. Rusiya üçün hazırda Ermənistanın ram edilməsi prioritetdir. Ancaq Qərb Paşinyan iqtidarını qoruyur və qəribə də olsa Rusiyanın əlində indi Ermənistana təsir etmək üçün təsirli mexanizmlər yoxdur. Amma yəqin ki, olacaq. Üstəlik, Moskva hesab edir ki, ABŞ-da Donald Tramp seçildikdən sonra Rusiya daha rahat hərəkət edə biləcək. Çünki Tramp planetin geosiyasi regionlara bölünməsi siyasətinin tərəfdarıdır. Buna görə də Tramp post sovet məkanına ciddi müdaxilənin tərəfdarı deyil. Bu səbəbdən də Trampın yenidən prezident seçilməsi Rusiyanın postsovet məkanında fəallaşması üçün yeni mərhələ olacaq deyə düşünürəm. Ancaq unutmaq olmaz ki, Qafqazda Avropanın maraqları daha böyükdür, bu mənada bu region üçün mübarizənin ABŞ-a rəğmən davam edəcəyini deyə bilərik".
Siyasət şöbəsi