Siyasət

Fransa Ermənistanı niyə silahlandırır? (ŞƏRH)

"Paşinyanın Paris səfərindən sonra Fransa müdafiə nazirinin İrəvana gəlişi Fransanın Azərbaycana münasibətinin ifadəsidir".   Bunu Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert İbrahim Rüstəmli deyib. Ekspert hesab edir ki, İrəvan KTMT-dən bir növ üz döndərib: "44 günlük müharibədə Putinin KTMT-nin müdaxiləsinin mümkünsüzlüyünü bildirməsi Ermənistanın Rusiya ilə bağlı ümidlərini puça çıxardı. Bu vəziyyətdə Ermənistanın Qərbə, Fransaya sığınması təbiidir. Parisin sınıq-sallaq silahları Ermənistana göndərməsi də bir növ başa düşüləndir. Paris həmin texnikaları əvvəl Ukraynaya göndərmək istəyib. Ancaq Kiyev bu silahların taktiki- texniki xüsusiyyətlərinin aşağı səviyyədə olmasını nəzərə alaraq, onlardan imtina etdi. Bu mənada Fransanın İrəvanı silahlandırması, bu ölkənin müdafiə nazirinin səfərində başlıca məqsəd Ermənistan ordusunun döyüş hazırlığını yüksəltməkdir".   Ekspert qeyd edir ki, Ermənistan camiəsi böyük xəyal qırıqlığı, depresiyya dövrünü yaşayır: "Başlarına dəyən yumruqdan sonra hələ də özlərinə gələ bilmirlər. Fransa da Ermənsitanı bu dalandan çıxartmaq üçün çabalayır. Parisin məqsədi Afrikada itirdiyi mövqeləri Cənubi Qafqaz hesabına kompensasiya etməkdir. Azərbaycanın keçən ilin sentyabrında keçirdiyi antiterror əməliyyatından qabaq Fransa Xankəndiyə 500 nəfərlik dəstək missiyası göndərmək istəyib. Ancaq Azərbaycanın atdığı addım nəticəsində Parisin bu çirkin niyyəti boşa çıxdı".   Həmsöhbətimiz bildirir ki, Fransanın Ermənistanı gücləndirməsi Azərbaycana qarşı təpki, psixoloji təzyiq deməkdir: "Fransanın Ermənistanı silahlandırması, müdafiə nazirinin gəlişi Azərbaycana qarşı yönələn təzyiq elementidir. Lakin unutmasınlar ki, Azərbaycan ən müasir silah və hərbi texnikaya sahib güclü Orduya malik bir ölkədir. Fransa nə qədər çabalasa da, Ermənistan ordusu Azərbaycan Ordusunun qarşısında aciz olaraq qalmaqda davam edəcək. Fransanın bütün cabalarına rəğmən onlar balansı heç zaman Ermənsitanın xeyrinə dəyişə bilməyəcəklər". Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Paris səfərindən dərhal sonra Fransanın müdafiə naziri Sebastyan Lekornun başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlib. Bildirilir ki, Lekorn Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə Ermənistanda iki günlük rəsmi səfərdədir.  Rüfət Sultan