“Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır”. Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə ünvanladığı təbrikdə deyilir. “Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır. Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm”, deyə Azərbaycan lideri qeyd edib. Bizim.Media