“Xocalı kimi faciələrin heç bir şəkildə unudulmamalıdır. Çünki bu dəhşət, heç yerdə bir daha təkrarlanmamalıdır. Azərbaycanda və dünyada bu haqda nə qədər çox danışılsa, Xocalı hadisələri ilə bağlı həqiqətləri çatdırmaq üçün nə qədər fəal kampaniya aparılsa, bir o qədər də belə bir qırğın planlaşdırılmayacaq”. Bizim.Media xəbər verir ki, bunu Rusiya KİV-nə müsahibəsində Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
O qətiyyətlə bildirib ki, bu qətliamı törədənlər gec-tez cəzalarını almalıdır: “Bu qətliamın törədilməsinə əmr verənlər də cəzasız qalmamalıdır. Göründüyü kimi, Xocalı qətliamının təşkilatçılarının məqsədi Xocalıda dinc əhaliyə qarşı törədilən qırğın törətmək vasitəsilə gələcəkdə daha da çox əraziləri ələ keçirmək olub. Bundan əlavə, erməni qatillər mülki insanları məhv etməklə gələcəkdə nəyisə dəyişdirə biləcəklərinə ümid ediblər. Yəni, Xocalı qətliamı etnik təmizləmə siyasəti idi. Xocalıda baş verənlərin dəhşətləri fonunda təşviş içində olan azərbaycanlı əhali erməni qoşunları tərəfindən ələ keçirilən əraziləri tərk etməyə başladılar. Bu həm də işğalçıların siyasi məqsədlərinə tam cavab verirdi. Bu siyasi məqsədləri konkret şəxslər həyata keçirib. Ona görə də həmin şəxslər cəzalandırılmalıdırlar. Onlar həbs olunmalı və ədalət məhkəməsinə çıxarılmalıdırlar”. Sergey Markov əlavə edib ki, Xocalı soyqırımı haqqında həqiqəti çatdırmaq Ermənistanın “erməni soyqırımı” ilə bağlı təbliğatına güclü zərbə vurur və “əzablı xalq” obrazını yoxa çıxardır: “Biz Xocalıda həm də hərbi cinayətin dəhşətlərini görürük. Ona görə də erməni siyasətçiləri üçün hansısa fədakarlıqdan danışmaq, prinsipcə məntiqsizdir. Xocalı hadisələri Azərbaycanın beynəlxalq aləmdə Ermənistanı ifşa etmək üçün ən tutarlı faktdır. Bununla belə bəşəriyyət Xocalıda dəhşətli şəkildə qətlə yetirilənləri heç zaman unutmamlıdır”. Surxay Atakişiyev, Bizim.Media