Siyasət
Qarabağ savaşı bitdi - Azərbaycanın yeni hədəfləri nədir?
"İlk növbədə qeyri-neft sektorunun inkişafı əsas hədəfimiz olmalııdır".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycanın qarşıdakı illərdə əsas milli hədəflərindən danışarkən deyib.
Mehman Əliyev vurğulayıb ki, Azərbaycanın yeni hədəfləri çoxdur:
"Amma ilk növbədə yeni iqtisadiyyatın formalaşmasına nail olmalıyıq. Çünki neft istehsalı artıq tükənir. İqtisadiyyatımız isə bu günə qədər neft üzərində qurulub. Ancaq neft istehsalı azalır, bu sahə üzrə indi azalan gəlirlərimiz gələcəkdə daha sürətlə azalacaq. Bu da bütün həyat istiqamətlərində böyük təhlükələr yaradır. Ona görə də ilk növbədə qeyri-neft sahəsinin effektivliyinə nail olmalıyıq. Vəziyyət onu göstərir ki, bu istiqamətdə çoxsaylı qanunların qəbulu, xeyli vəsaitin ayrılmasına baxmayaraq, qeyri-neft sektorunun əsaslı inkişafına nail ola bilməmişik. Rəqəmlər, statistika bu sahədə vəziyyətin qənaətbəxş olmadığını göstərir. Ona görə də yaxın zamanlarda ilk növbədə bu prioritet məsələnin həllinə nail olmaq lazımdır".
Həmsöhbətimizə görə, ikinci prioritet hədəfimiz isə birinci hədəfin həyata keçməsi üçün ölkədə yeni münasibətlərin yaradılması olmalıdır:
"Yəni sözün həqiqi mənasında azad rəqabətə geniş imkanlar yaradılmalıdır. Keçən ilin sonunda Rəqabət Məcəlləsi qanun qəbul olundu. Onu ciddi şəkildə işə salmalıyıq. Bütün insanlara bilik və bacarıqlarını ifadə edib, həyata keçirmələri üçün bərabər imkanlar yaradılmalıdır. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, inkişaf ancaq azad rəqabət nəticəsində mümkündür. Bunun üçün azadlıqlar, hüquqi təminatlar verilməli, azad məhkəmələr olmalıdır".
Mehman Əliyevə görə, sağlam nəslin formalaşması da milli prioritetlərimiz sırasında yer almalıdır:
"Bu sahədə də böyük problemlər mövcuddur. Gənclərin sağlam həyatının formalaşması sahəsində tədbirlər görülməlidir. Ölkəmizdə hazırda cinayətkarlıq, narkomaniya sürətlə artır. Strateji olaraq bu problemlərin həllilə də ciddi məşğul olmalıyıq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında Azərbaycanın yeni milli hədəflərindən danışaraq, bu istiqamətdə mühüm addımların atılması vacibliyini önə çəkib. Bu da onu göstərir ki, qarşıdakı illərdə Azərbaycan qarşısına yeni milli hədəflərə çatmaq məqsədi qoyacaq.
Rüfət Sultan