Siyasət

Daha iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Fevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Bizim.Media xəbər verir ki, komitə sədri Sadiq Qurbanov gündəliyə iki məsələnin – “Su təchizatı və tullantı suları haqqında” Qanunda (ikinci oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik olunması barədə qanun layihələri daxil edildiyini deyib. “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini təqdim edən komitə sədri sənədlə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, qaldırılan məsələlərə aydınlıq gətirildiyini bildirib. Layihədə tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsaslarının təkmilləşdirilməsi, təklif olunan qoşulma qaydalarının mövcud istehlakçıların hüquqlarının qorunması, keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılması və yüksəldilməsi, sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığının təmin edilməsi ilə bağlı dəyişikliklər əksini tapıb. Sonra Sadiq Qurbanov “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Komitə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su təsərrüfatı sahəsinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin vacibliyi ilə bağlı fikirlərini açıqlayıb. Müzakirəyə çıxarılan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bizim.Media