Siyasət

Dövlət başçısı: “Elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”

“Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.  Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Cənub Qaz Dəhlizi ilə bağlı danışarkən bildirib.  “Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”, - deyə dövlət başçısı əlavə edib. Bizim.Media