“28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər. Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi. 2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər. Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var”. Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində mətbuata açıqlamasında bildirib. “Son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur. ilk olaraq mən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin də görüşü barədə qərar qəbul olundu”, - deyə XİN başçısı qeyd edib. Nazir ümumilikdə sülh prosesi istiqamətində aparılan danışıqları yüksək qiymətləndirib: “Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Ancaq, bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”. XİN başçısı Berlin danışıqları zamanı Azərbaycan tərəfinin bir sıra gözlənti və təklifləri qarşı tərəfə çatdırdığını vurğulayıb: “Vəziyyəti daha yaxşı başa düşmək və növbəti təmaslara əsas yaratmaq üçün ümumilikdə faydalı müzakirələr kimi dəyərləndirirəm. Və tərəflərin də razılığı ondan ibarət oldu ki, təmasları davam etdirmək lazımdır. Konkret tarix olmadan təmasların davamı ilə bağlı razılıq əldə edilib”. Bizim.Media