Siyasət

Antalyadan dünyaya verilən mesajlar (ŞƏRH)

"Antalya Diplomatiya Forumu beynəlxalq münasibətlərdə yeni gündəm yarada bildi".   Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyədə başa çatan Antalya Diplomatiya Forumunun əhəmiyyəti barədə danışarkən deyib. "Qardaş Türkiyədə başa çatan III Antalya Diplomatiya Forumu iştirakçıların say çoxluğu və müzakirə olunan məsələlərin aktuallığı ilə seçildi. 148 ölkədən 4700 diplomatın, siyasətçinin, dövlət və hökumət başçıları, XİN nümayəndələrinin qarıldığı belə bir tədbir müasir beynəlxalq münasibətlər sisteminin gələcəyilə bağlı fikir mübadiləsi platforması kimi yadda qaldı. Ən aktual məsələlərdən biri böhranların idarə olunması, onların beynəlxalq münasibətlərin gündəmindən çıxarılması, bütövlükdə böhranların, münaqişələrin qarşısının alınması məsələsidir. Ona görə də Antalyada keçirilən tədbirin əsas gündəmi böhranlar dövründə diplomatiyanı önə çıxarmaq mövzusu idi.  Hər hansı bir konfliktin həll olunmaması, onun yaranmasında diplomatiyanın passivliyi ön plandadır. Nəticə etibarı ilə yaranan böhranlar da  sonradan elə diplomatik səylərlə aradan qaldırılır. Deməli, böhranları yarandığı ilk mərhələdəcə həll  etmək olar. Bu mənada, Antalya Diplomatik Forunu beynəlxalq münasibətlərdə yeni gündəm kimi səciyyələndirilə bilər. Azərbaycan üçün də bu məsələlər aktualdır", deyə Hikmət Babaoğlu bildirib.   Deputat qeyd edib ki, digər aktual mövzu türk dünyasında institutlaşma mövzusudur: "Azərbaycan Prezidentinin andiçmə mərasimində türk dövlətləri təşkilatının gələcəyilə bağlı səsləndirdiyi fikirlərin Antalya Diplomatiya Forumunda öz əksini bu şəkldə tapması həm Bakının, həm də TDT-nin ümumi maraqlarına cavab verir. TDT-nin tam institutlaşmış beynəlxalq təşkilata çevrilməsi üçün hələ müəyyən məsafə qət edilməlidir. Ona görə düşünürəm ki, türk dünyasında TDT-nin institutlaşdırılması məsələsi qarşımızda dayanan əsas məsələlərdir. Digər məsələlər sırasında dünyada artan irqçilik, qida təhlükəsizliyi məsələləri, qloballaşan dünyada elm və texnoloji diplomatiyanın rolu, dəyişən dünyada təhlükəsizlik tədbirlərinin artması kimi məsələlər də müzakirə olundu ki, Azərbaycan da dünya ölkələri kimi bu sayaq problemləri yaşamaqdadır. Çünki hələ də regionumuzda qalıcı sülhə nail olmaq mümkün olmayıb. Antalya Diplomatiya Forumu bu mənada yadda qalan mühüm diplomatik-siyasi hadisə oldu". Qeyd edək ki, ötən həftənin sonlarında Türkiyədə Antalya Diplomatiya Forumu baş tutdu. Müxtəlif məsələlərin müzakirə edildiyi bu tədbirdə 148 ölkədən 4700-dən çox nümayəndə iştirak edib.    Rüfət Sultan