Siyasət
"Qərbin müəyyən dairələri Zəngəzur dəhlizini özləri üçün təhdid hesab edir" - Politoloq
"Qərbin müəyyən dairələri Zəngəzur dəhlizini özləri üçün real təhlükə və təhdid hesab edirlər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Antalya Diplomatiya Forumundakı panel müzakirəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.
"Zəngəzur dəhlizi təkcə Azərbaycanla Ermənistan arasındakı münasibətləri tənzimləmir, eyni zamanda, İrəvanın özü üçün də yeni imkanlar yaradacaq. Lakin Ermənistanda bunun fərqində olmayan qüvvələr də var. Onlar Azərbaycanla sülh və etimad mühitinin yaradılmasının əleyhinə çıxırlar. Zəngəzur dəhlizinin açılması həqiqətən də iki ölkə arasında sülhü təşviq edəcək və münasibətlərin yaxşılaşmasına kömək edəcək. Layihə regional kontekstdən çıxaraq, qlobal əhəmiyyətə malik bir layihədir. Amma bunun fərqində olmayan İrəvan xarici güclərin əlilə prosesi daha çox sabotaj edir", deyə Tural İsmayılov qeyd edib.
Ekspert bildirib ki, Qərbdəki müəyyən dairələr nəinki bu dəhlizin açılmasını istəmir, onlar həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasında da maraqlı deyillər:
"Çünki onun baş verməsini özləri üçün real təhlükə və təhdid hesab edirlər. Bu baxımdan da dəhlizin açılmasına qarşı olan qüvvələrin maraqları çirkindir. Bu maraqlar kontekstində də İrəvandan daim Azərbaycan və Türkiyə əleyhinə istifadə etməyə çalışırlar. Ona görə ki, dəhlizin açılması fonunda xarici qüvvələr İrəvanı daha Azərbaycan və Türkiyəyə qarşı qoya bilməyəcəklər".
Qeyd edək ki, III Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Zəngəzur dəhlizinin Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola biləcəyini deyib. Elçin Əmirbəyov bildirib ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər:
"Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və fayda gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisi ilə Avropa ilə birləşdirə bilər”.
Rüfət Sultan