Siyasət

Avstriya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub - FOTO

Martın 4-də Milli Məclisin Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ilə Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti arasında görüşü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Tahir Mirkişili ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixə malik olduğunu deyib.  O, Avstriyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu qeyd edib. T.Mirkişili qanunverici orqanlar arasında münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolundan bəhs edib. O, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu barədə məlumat verib. Qeyd edib ki, deputatlarımız bu gün beynəlxalq təşkilatlarda da səmərəli fəaliyyət göstərirlər. Qarşılıqlı səfərlər və bu cür görüşlər əlaqələrimizin daha da möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır. Dostluq qrupunun rəhbəri Azərbaycanla Avstriya arasında iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafından söhbət açıb. Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra regionda yeni reallıqların yarandığını xatırladan Tahir Mirkişili sülhün, təhlükəsizliyin təmin edilməsinin, dayanıqlı iqtisadi inkişafla bağlı çağırışların prioritet olduğunu bildirib. Avstriya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Andreas Minnix ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyib. O, ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini diqqətə çatdırıb və bu işdə hər iki ölkənin parlamentlərinin mühüm rol oynadığını söyləyib. A.Minnix bu il COP29-un Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib və bunu ölkəmizin uğuru kimi dəyərləndirib. Qonaq iqtisadi sahədə əlaqələrin genişləndirilməsi, “yaşıl enerji”, ətraf mühitin qorunması, logistika sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıb. O, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensial imkanların mövcud olduğunu deyib. Söhbət zamanı Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – komitə sədri Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı, Emin Hacıyev, Avstriyalı deputatlar Manfred Hofinger, Markus Laynfellner parlamentlərarası əlaqələrin gələcək inkişafı, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərini açıqlayıblar. Bizim.Media