Siyasət
"Bakı Moskva ilə münasibətlərə çox həssas yanaşır" - Ekspert
"Rusiyada rubl dəyərdən düşdüyündən bu ölkədən idxal Azərbaycan üçün daha sərfəli hala gəlib".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya baş naziri Mixail Mişustinin Bakıya səfəri və verdiyi bəyanatları şərh edərkən deyib.
"Rusiya baş naziri Mişustinin Bakıda keçirdiyi görüşlər əvvəlki istiqamət və imzalanan müqavilələrin davamıdır. Yəni bu hadisə yeni hadisə deyil. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, energetika, turizm, kənd təsərrüfatı sahəsində əvvəldən bağlanmış müqavilələr var. Amma önəmli məsələ odur ki, Bakı Moskva ilə münasibətlərə çox həssas yanaşır. Azərbaycan beynəlxalq sanksiyalara hansısa bir formada təsir göstərəcək heç bir addım atmır. Beynəlxalq sanksiyalarda isə nə kənd təsərrüfatı, nə turizm, nə də enerji daşıyıcılarının bəzi istiqamətlərinə heç bir məhdudiyyətlər yoxdur. Ona görə də Bakı beynəlxalq hüquqa üstünlük verməklə Rusiya ilə sözügedən sahələrdə əməkdaşlığı davam etdirir. Bu, hər iki ölkənin xeyrinədir", deyə Natiq Cəfərli vurğulayıb.
Ekspert deyib ki, son vaxtlar Rusiyadan Azərbaycana daha çox kənd təsərrüfatı məhsullarının idxal olunduğunu görürük:
"Bu da ölkə bazarında sabitliyin yaranması, qiymət artımının səngiməsinə səbəb olur. Rusiyada rubl dəyərdən düşüb. Ona görə də bu ölkədən idxal ölkəmiz üçün daha sərfəli hala gəlib. Bunun nəticəsini mağazalarda da görürük. Süd məhsulları, kolbasa, sosiska, yağ Rusiyadan daha çox gəlir, çünki sərfəlidir. Hər iki ölkənin əməkdaşlıq üçün fürsət və imkanları var və onlar dəyərləndirilir".
Qeyd edək ki, Rusiya Nazirlər Kabinetinin başçısı Mixail Mişustin Bakıda səfərdədir. O, Prezident İlham Əliyev və baş nazir Əli Əsədovla görüşüb.
Rüfət Sultan