“Ermənistan rəhbərliyinin nümayəndələrinin KTMT-yə üzvlüyün dondurulması və 102-ci Rusiya hərbi bazasının ölkədə mövcudluğunun dayandırılması ilə bağlı bəyanatları mövcuddur. Lakin bu bəyanatlar İrəvanın ciddi addımları ilə müşayiət olunmayıb. Buna görə də sözügedən vəziyyət bir çox cəhətdən Moskvaya qarşı şantaj cəhdi kimi görünür. Siyasi şantaj taktikası uzun müddətdir ki, Ermənistan hakimiyyəti tərəfindən istifadə olunur. Bu variantdan Kremldən əlavə maliyyə dilənən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da fəal şəkildə istifadə edirdi”. Bu fikirləri Bizim.Media-ya açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib.
Ermənistan Kremldən pul dilənir Hazırda Qərbyönümlü siyasət yürüdən Ermənistanın əsas məqsədinin Rusiyadan maliyyə cəlb etmək olduğuna diqqət çəkən Arkov, Kremlin Paşinyana cavab verəcəyini bildirib: “Bu baxımdan Nikol Paşinyan sözügedən planlardan əl çəkməsi müqabilində nəsə əldə etmək ümidi ilə Kremllə şantaj dilində dialoq aparmağa çalışır. Nikol Kremlə yaxın erməni siyasətçisi deyil və ona görə də belə bir ünsiyyət formatından qurtula bilməz. Bununla belə, Kremldən cavab gələcək və bu, Ermənistanın hazırkı rəhbərliyi üçün “hiss ediləcək dərəcədə” ağır olacaq”. “Nikolun Rusiya ordusunu ölkədən çıxarma cəhdləri də heç vaxt reallaşmayacaq”. Politoloq qeyd edib ki, hazırda Paşinyanın ordu üzərində səlahiyyəti, demək olar ki, yoxdur: “Nikol Paşinyanın KTMT-dən çıxmaq və Rusiya ilə hərbi-texniki əməkdaşlığı kəsməklə bağlı planlarını həyata keçirə bilməməsinin başqa səbəbi də var. Çünki Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələri üzərində tam nəzarətə malik deyil və hazırda baş vermə təhlükəsi son dərəcə yüksək olan hərbi çevrilişdən çox qorxur. Ermənistan Silahlı Qüvvələrinin komandanlığı və orta rütbəli zabitlərinin böyük əksəriyyəti Rusiya ilə hərbi ittifaqın davam etdirilməsinin tərəfdarıdır. Onlar İrəvandakı siyasətçilərin bu cür hərəkətlərini dövlətə xəyanət kimi qiymətləndirərək Ermənistanın KTMT-dən çıxmasını və Rusiya ordusunun ölkədən çıxarılmasını müdafiə qabiliyyətinə ağır zərbə kimi qiymətləndirirlər”, - deyə V.Arkov əlavə edib. Tehran Orucoğlu, Bizim.Media