Siyasət

"Tokayev Bakıda bu mesajları verəcək" - Deputat

"Tokayevin Bakıya səfəri böyük önəm daşıyır".   Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfərini şərh edərkən deyib.  "Azərbaycanın Orta Asiya ölkələrilə münasibətləri xüsusi çəkiyə malikdir. Bu münasibətlər həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar  kontekstində yüksək inkişaf tempinə malikdir. Əlaqələrimiz Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və MDB daxilində də sürətlə inkişaf edir. Qazaxıstanla Azərbaycan arasında münasibətlər hər iki dövlətin milli maraqları kontekstində bütün sferalarda inkişafa malikdir. Xüsusən də iki ölkə arasında iqtisadi, energetika, nəqliyyat, humanitar və mədəni əlaqələr sürətlə inkişaf edir", deyə Elman Nəsirov bildirib.    Bu kontekstdə, həmsöhbətimizə görə, Tokayevin Azərbaycana səfəri heç şübhəsiz bütün parametrlər üzrə ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar pəncərəsi açacaq: "Fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür. Qazaxıstan hər zaman Azərbaycanın haqq işini müdafiə edib. Bu ölkə Qarabağın bərpası  prosesinə də mühüm töhfə verir. Dövlətlərimizi eyni kök və dəyərlər birləşdirir. Bu reallıqlar fonunda dövlət başçıları arasında da sıx səmimi münasibətlər var. Münasibətlərimiz bundan sonrakı dövrdə də güclü inkişaf potensialına malikdir. Aparılan danışıqlar və imzalanacaq səhədlər bundan sonrakı dövrdə də münasibətlərimizin inkişafına yeni imkanlar açacaq". Qeyd edək ki, Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.  Rüfət Sultan