Siyasət
"İran Ermənistana silah gətirilməsinə icazə versə..." - Ekspert
"İran Ermənistana silah gətirilməsinə icazə versə, özünü pis vəziyyətə salacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Hindistanın Ermənistana strateji hava yolu açmaq niyyətini şərh edərkən deyib:
"Hazırda İranın Ermənistanla münasibətləri zirvədə deyil. Bunun bir sıra səbəbləri mövcuddur. Ermənistan Qərb inteqrasiyası yolu tutub. Bu əsasda da Rusiyadan uzaqlaşır. Ona görə Rusiya bu gün Ermənistanın gücləndirilməsi məsələsində istənilən regional aktorla üz-üzə gələ bilər. İranla da həmçinin. İran Azərbaycanla birgə yol layihəsində razılıq əldə edib. Tehran Türkiyə ilə münasibətləri pozmaq istəməz. Təbii ki, bu dizaynı pozmaq istəyən qruplar da var. Ancaq ümumi mənzərə budur ki, Ermənistan Hindistan amilindən təzyiq vasitəsi kimi istifadə etmək istəyir”.
Ekspert vurğulayıb ki, İran Ermənistana silah gətirilməsinə icazə versə, özünü pis vəziyyətə salacaq:
”İranda bəzi dairələr bunu etmək istəsə də, "dövlət ağlı"nın buna icazə verməsi özlərinə ziyan edəcək. İndiki durum olduqca həssas dönəmdir. Aktorların hər birinin regionda ehtiyat planları vardır”.
Qeyd edək ki, Hindistan Ermənistana strateji hava yolu açmaq niyyətindədir. Bu haqda Hindistanın hərbi-kosmik sahədə ixtisaslaşmış İADN adlı kütləvi informasiya vasitəsi məlumat yayıb. Məlumatda deyilir ki, bununla bağlı HAL və CONCORD arasında razılaşma əldə olunub, HALCON adlı işçi qrupu yaradılıb.
Bildirilir ki, Hindistanla Ermənistan arasında strateji hava yolunun açılması "strateji əhəmiyyətli daşınmanın həyata keçirilməsi" məqsədi güdür. Başqa sözlə, Hindistan Fransa lisenziyaları ilə istehsal etdiyi silahları Ermənistana bu strateji hava yolu ilə daha tez və asan daşıyacaq. Bu fonda Azərbaycan qəti şəkildə bəyan edib ki, heç vaxt öz hava məkanından istifadəyə imkan verməyəcək. O zaman digər yol qalır ki, bu da İran yoludur. Onun bu məsələdə tutacağı rol heç də birmənalı deyil.
Rüfət Sultan