Siyasət

Paşinyan Ermənistanın KTMT-dən hansı şərtlərlə çıxacağını açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri öz öhdəliklərini yerinə yetirməsələr və onların məsuliyyət zonasını tanımasalar, onu tərk edəcəklər. Eyni zamanda, Paşinyan qeyd edib ki, o, Ermənistanın KTMT üzvlüyündən tam olaraq nə vaxt çıxacağını deyə bilməz. Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan mətbuat konfransında bildirib. "Sual olaraq qalır ki, KTMT-dən olan həmkarlarımızın fikrincə, Ermənistanın suveren ərazisi haradadır və onun məsuliyyət zonası haradadır. Bu gün də bu məsələ masada qalmaqda davam edir. Əgər KTMT bu suala cavab verirsə və bu, bizim ideyalarımıza uyğundursa, bu o deməkdir ki, Ermənistanla KTMT arasında bütün məsələlər bundan sonrakı nəticələrlə həll olunub. Əks halda Ermənistan KTMT-dən çıxacaq”, - deyə Paşinyan bildirib. Nikol Paşinyan təsdiqləyib ki, faktiki olaraq Ermənistan KTMT-də iştirakını dondurub, ölkənin qurumda daimi nümayəndəsi yoxdur, Ermənistan tərəfi isə görüşlərdə iştirak etmir. Eyni zamanda, o, Ermənistanın KTMT-yə problem yaratmadığını vurğulayıb, "bütün problemlər o vaxtdan yaranıb ki, biz KTMT-nin Ermənistandakı məsuliyyət zonası məsələsini qaldırdıq və cavab almadıq”. Xatırladaq ki, Nikol Paşinyan fevralın 23-də Ermənistanın KTMT üzvlüyünün dondurulduğunu elan edib. Bundan sonra İrəvan Rusiya FSB sərhəd qoşunlarının İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında missiyasının dayandırılması imkanlarını müzakirə etməyə başlayıb. Martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya sərhədçilərinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya hakimiyyətinə rəsmi məktub göndərildiyini açıqlayıb. Nizami Bağırov