İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib ki, ölkəsi Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq yoluna qədəm qoyub: “Biz tam qələbə çalmaq yolundayıq. Ən sonuncularına qədər gedəcəyik”. O əlavə edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri Fələstin hərəkatında dördüncü mühüm şəxsi öldürüblər, HƏMAS-ın birinci, ikinci və üçüncü adamları isə “artıq yoldadır”.
Netanyahu Qəzza zolağında aparılan hərbi əməliyyatın tezliklə Rəfah şəhərinə də keçəcəyini əlavə edib. Qeyd edək ki, İsrailin HƏMAS-a qarşı mübarizəsi keçən ilin oktyabrın 7-dən bu günə qədər davam edir. İsrail baş naziri isə son açıqlamasında HƏMAS üzərində qələbə çalmaq üzrə olduqlarını bəyan edib. Görəsən, Yaxın Şərqdə münaqişə nəhayət ki, bitir? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, İsraillə HƏMAS arasındakı müharibə səngiyə bilər, amma onun bitməsi ehtimalı sıfıra bərabərdir: “İsrailin HƏMAS-a qarşı apardığı indiki müharibə bitməyəcək. Ola bilər səngisin. Bir müddət iğtişaşlar dayana bilər. Amma bu müharibənin tam bitdiyini düşünmək olmaz. Yaxın Şərqdəki müharibə bitən deyil, uzun çəkəcək. Region o qədər mürəkkəb və həssasdır ki, İsrail ordusunun Qəzzanı ələ alması ilə müharibə bitən deyil. Müharibənin bitməsi üçün İsrail “Hizbullah”ın, HƏMAS-ın, “Müsəlman qardaşlığı”nın, Fələstin hərəkatının kökünü tamam kəsməlidir. Bu isə mümkün deyil. İsrail-Fələstin müharibəsi bitməyəcək müharibədir. Belə bir mühitdə başqa cür də ola bilməz. Yaxın Şərqdə gedən müharibələr forma etibarı ilə dəyişsə də, mahiyyət etibarı ilə heç nə dəyişmir”. Rüfət Sultan, Bizim.Media