Siyasət
Umud Mirzəyev Andrey Kovaçova səsləndi: “Konfransda Azərbaycan həqiqətləri də müzakirə edilsin”
Martın 19-da Avropa Parlamentində "Azərbaycanda erməni hərbi əsirləri. Avropa Parlamentinin müvafiq qətnaməsinin qəbulundan 3 il sonra yaranmış vəziyyət” adlı konfrans keçiriləcək. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumatda konfransın Bolqarıstanın Avropa Xalq Partiyasının fraksiyasından olan deputatı Andrey Kovaçov tərəfindən təşkil edildiyi bildirilib. Konfrans qurumun ölkəmiz əleyhinə 20 may 2021-ci il tarixli erməni "hərbi əsirləri” və "mülki məhbusları” heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qərarından sonra mövcud vəziyyətin təhlilinə həsr olunacaq.
Nəyə görə beynəlxalq təşkilatlar və Ermənistan dövləti Azərbaycanın haqq savaşından əl çəkməyəcəyini bildikləri halda yenə bu addımlarından əl çəkmirlər?
Məsələ ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a açıqlamasında bildirdi ki, belə bir konfransın keçirilməsi ilk növbədə xristian təəssübkeşliyidir. Məsələnin birmənalı tərəfi budur:
"Qərb dövlətləri əsasən xristian mövqeyindən çıxış edirlər. İkinci bir tərəfi isə Ermənistanın özü nə qədər zəyifdirsə bir o qədər də kənardakı lobbisi güclüdür. Qarabağda uğursuz fəaliyyətlərini fiaskoya uğradan erməni separatçılar hazırda beynəlxalq camiəni çaşdırmaq missiyalarını üzərlərinə götürüblər. Çox təəssüf ki, separatçılara uzun illərdi dəstək olan qüvvələr var. Hələ 200 il bundan əvəl Azərbaycan torpaqları bölünəndə onlar bölücülük missiyasına təkan veriblər. 100 il bundan əvvəl Sovetlər yaranarkən Azərbaycan topraqlarının hesabına Ermənistanın yaranmasına rəvac veriblər. Bu gün də bu fəaliyyəti həyata keçirirlər”.
U.Mirzəyev BAMF-ın dəstəyi ilə Azərbaycan dilində nəşr olunmuş Belçikanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sədri, Avropanın tanınmış siyasi-ictimai xadimi Uilfrid Martesin "Avropa:Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabını xatırladıb:
"Onu deyim ki, Avropa Xalq Partiyasının fraksiyasından olan deputat Andrey Kovaçovun partiyasının qurucusu mənim köhnə dostum Ulfrid Martensdir. Onu yaxşı tanıyırdım. Belə məsələlərdə çox obyektiv, dürüst mövqe sərgiləyirdi. Kifayət qədər ciddi nəşirdir. Kitabda Avropa İttifaqının necə və nə üçün yarandığını xatırlatmağı, xüsusilə də gənclərin diqqətinə çatdırılır. Bu kitabda Avropa və dünya siyasətinin çox maraqlı, dəyərli məqamları müəllifin özünün də iştirakçısı olduğu ictimai-siyasi proseslərə birbaşa təsir edən hadisələr qələmə alınıbdır. Memuar yazmağın bütün yazı işlərinin arasında ən çətini olduğunu nəşrdə deyən müəllif kitabın ana dilimizdə çap olunması ilə bağlı qərar verəndən sonra Azərbaycanda kitaba böyük marağın səbəbini də izah edib: "Azərbaycanda Avropa quruculuğuna niyə bu cür maraq göstərirlər? "Şərq tərəfdaşlığı proqramı”nın üzvü olan bu Avropa ölkəsi müstəsna coğrafi məkana malikdir-Rusiya, Türkiyə, İran əhatəsində yerləşən Azərbaycan tarix boyu öz kimliyini formalaşdıra və bənzərsizliyini qoruyub saxlaya bilmişdir. Bununla belə region qeyri-sabitdir. Qədim regional münaqişələr hələ öz həllini gözləyir. Bəlkə də Avropa quruculuğu təcrübəsi, xüsusi ilə də amansızcasına bir-birinə qarşı döyüşmüş Almaniya və Fransa barışığı nümunə rolunu oynaya bilər. Lakin çox gözəl dərk edirəm ki, siyasi liderlər tərəfindən əməli təşəbbüslərin göstərilməsi, xalqların kin-küdurəti unudaraq bu təşəbbüslərə qoşulması üçün cəsarət lazımdır”. Bu kitabı ona görə xatırlatdım ki, Kovaçov birtərəfli mövqe göstərməsin. Necə ki, U.Martens kitabında bu barədə siyasi analitik yazıları ilə çıxış edib”.
Fond rəhbəri konfransı keçirəcək Andrey Kovaçova Azərbaycan həqiqətlərinə diqqət etməyinə çağırış edib:
"Kovaçova səslənirəm ki, öz sələflərinin yoluna sadiqlik, sədaqət nüamyiş etdirsin. Regionda separtizmin alovlanmasına yox, barışın, sülhün gəlməsinə xidmət edən addımlar atsın. Konfransda müzakirələr zamanı mövzusunu Ermənistan müstəvisindən keçirib, Azərbaycan müstəvisinə gətirsin. Erməni vandalları, separatçıları tərəfindən Azərbaycana qarşı qat-qat, dəfərlərlə çox soyqırımlar törədilib, deportasiyalar edilib, insanlar üzərində aşırı işgəncələr həyata keçirilib. Müzakirə edilən mövzularda Azərbaycan həqiqətləri də danışılsın”.
Qeyd edək ki, əməkdaşlarımız Andrey Kovaçovla əlaqə yaratmağa çalışıblar. Kovaçovun assisenti ilə əlaqə qurulub. Köməkçisi deyib ki, məsələ ilə bağlı Kovaçov yaxın günlərdə cavab verəcək. Onunla əlaqələrimiz davam edəcək.