Siyasət
"Bu, iki xalqın daha da yaxınlaşmasına dəstək verən məsələlərdəndir" - Deputat
"Belə görüşlər iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, iki xalqın daha da yaxınlaşmasına səbəb olur".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul etməsini şərh edərkən deyib.
Deputat bildirib ki, Binəli Yıldırım yalnız Türkiyənin deyil, türk dünyasının tanınmış simalarındandır:
"Vaxtilə Türkiyənin baş naziri, parlament sədri vəzifələrində çalışıb. Hazırda isə hakim partiyanın əsas funksionerlərindəndir. Türk Dövlətləri Təşkilatının Ağsaqallar Şurasının sədridir. Onun Azərbaycana sevgisi böyükdür. Hər zaman Azərbaycanın yanında olub. Binəli Yıldırımın Azərbaycan Prezidentilə yaxşı münasibətləri var. Azərbayan Prezidentinin onu qəbul etməsi, Türkiyəyə, şəxsən Binəli Yıldırıma olan yüksək hörmətin göstəricisidir. Hesab edirəm ki, belə görüşlər iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, iki xalqın daha da yaxınlaşmasına dəstək verən məsələlərdəndir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada artan nüfuzunu qeyd edib, onun vacib beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu diqqətə çatdırıb. O, XI Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Azərbaycanda prezident seçkilərindən sonra həmişə olduğu kimi, ənənəyə uyğun olaraq ilk rəsmi səfərini məhz Türkiyəyə etdiyini vurğuladı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələri məmnunluqla xatırlayıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Rüfət Sultan