Siyasət
Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalandı
Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili arasında görüş baş tutub.
Qaynarinfo xəbər verir ki, görüş Heydər Əliyev Mərkəzində keçirilib.
Görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir.
O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir:
"Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”.
XİN başçısı qeyd edib ki, Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv şəkildə birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan regionda sülhün bərpasına sadiq qalır. Onun sözlərinə görə, son vaxtlar iki ölkə liderləri səviyyəsində, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib:
"Bu görüşlər sülh sazişinin irəliləməsi məsələsində zəmin yaradır və iki ölkənin siyasi məsələlərinə yanaşmanın sadəliyini təmin edir".
Nazir vurğulayıb ki, Azərbaycan beynəlxalq aktorların ədalətli və qərəzsiz şəkildə birbaşa ikitərəfli danışıqları dəstəkləyəcəyinə ümid edir.