Siyasət

İlham Əliyev qəbullar keçirdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştayneri qəbul edib. Qaynarinfo xəbər verir ki, Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycan ilə əməkdaşlığa hazırdır. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Qonaq Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında Azərbaycanla UNDP arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsində BMT-nin İnkişaf Proqramının sıx əməkdaşlığa hazır olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası haqqında məlumat verdi, yaşıl keçidin ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin bərpaolunan və yaşıl enerji potensialının 200 qiqavatdan artıq olduğunu və yaxın müddətdə Azərbaycanın 5 meqavat gücündə bərpaolunan enerji resursu istehsal etmək imkanı olacağını dedi. Bu xüsusda Azərbaycanın Xəzər dənizini və Qara dənizi birləşdirən bərpaolunan yaşıl enerji dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyini və bu istiqamətdə region ölkələri ilə birgə əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizin xarici investorların cəlb edilməsi, təbii resursların hasilatı, ondan əldə olunan gəlirlərin səmərəli istifadəsi və inkişafa xidmət etməsi istiqamətində təcrübəyə malik olduğunu vurğuladı. Qonaq Azərbaycanın inkişaf təcrübəsinin dünyanın digər ölkələri üçün də maraqlı ola biləcəyini qeyd etdi. Axim Ştayner vurğuladı ki, Azərbaycanın yaşıl keçid transformasiyası COP29-a ev sahibliyi etməsi konsepsiyası ilə tam uyğunluq təşkil edir və ölkəmizin nümunəsi beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Prezident İlham Əliyev Axim Ştayneri COP29 konfransına dəvət etdi. Qonaq dəvəti minnətdarlıqla qəbul etdi. Görüşdə Azərbaycanın inkişaf proqramının regional nəqliyyat dəhlizini və Orta Dəhlizi, kənd təsərrüfatını, turizmin inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, su resurslarının səmərəli idarə olunmasını və digər sahələri əhatə etdiyi bildirildi. Söhbət zamanı ərazilərin minalardan təmizlənməsində Azərbaycan ilə UNDP arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə toxunuldu, bu sahədə UNDP ilə birgə Bakıda illik əsasda keçirilən konfransın vacibliyi vurğulandı. Azərbaycanın hazırda UNDP ilə birlikdə qlobal humanitar minatəmizləmə üzrə regional təlim mərkəzi kimi rolunun inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparıldı. Qonaq qeyd etdi ki, UNDP humanitar minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır. Ərazilərimizin işğaldan azad olunmasından indiyədək ermənilərin basdırdıqları minaların partlaması nəticəsində 350-dən çox vətəndaşımızın həlak olduğu və yaralandığı bildirildi. Axim Ştayner XI Qlobal Bakı Forumunun əhəmiyyətinə də toxunaraq, bu tədbir çərçivəsində aparılan müzakirələrin vacibliyini vurğuladı. 14.11   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri qəbul edib. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 13.43   Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib. Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu. Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğuladı. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi. Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu "üçlük” mexanizminin əhəmiyyətini vurğuladı. Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və "üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirdi. Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olundu. Dövlətimizin başçısı vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçlər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır. Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüdudları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çaylarının ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd etdi. Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb. Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi qeyd edildi, ölkəmizin Hərəkat çərçivəsində humanitar minatəmizləmənin yeni Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi, həmçinin bu sahədə beynəlxalq səylərin səfərbər olunması ilə əlaqədar təşəbbüsləri vurğulandı. Görüşdə Azərbaycanın BMT təsisatları ilə əməkdaşlığı çərçivəsində Dünya Şəhərsalma Forumu kimi əhəmiyyətli tədbirin 2026-cı ildə ölkəmizdə keçirilməsinin vacibliyi bildirildi. 10.52   Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib. Qaynarinfo xəbər verir ki, məlumatı prezidentin mətbuat xidməti paylaşıb. 10.34   Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. Qaynarinfo xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı. Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.