Siyasət
COP29-a qədər sülh müqaviləsi imzalanacaq? - "Ehtimal çox böyükdür"
"COP29-a qədər Bakı ilə İrəvan arasında sülhün imzalanması ehtimalı böyükdür. Bu, Azərbaycanın prestiji üçün də vacibdir".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Azər Qasımov COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması vacibliyini vurğulayan Böyük Britaniyanın baş naziri Rişi Sunakın fikirlərini şərh edərkən deyib.
Azər Qasımov bildirib ki, COP29 mühüm beynəlxalq tədbir kimi böyük siyasi çəkiyə malik bir tədbirdir:
"Belə bir tədbirin ümumiyyətlə Azərbaycanda keçirilməsinin özü ölkəmizə verilən əhəmiyyətin göstəricisidir. Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi imzalanması böyük ölçüdə Bakının iradəsindən asılıdır və ya beynəlxalq güclər bunu belə fikirləşirlər".
Həmsöhbətimiz düşünür ki, Rişi Sunakın açıqlaması üzərində düşünməyə dəyər:
"Rişi Sunakın bu fikrini real qarşılamaq olar. Hesab edirəm ki, bu, üzərində işlənilməsinə dəyər istəkdir. COP29-a kimi sülh bağlanması ehtimalı əslində var, hətta böyükdür. Bu, Azərbaycanın prestiji üçün də vacibdir. Lakin düşünmürəm ki, Rişi Sunak həmin fikri Azərbaycana təzyiq üçün səsləndirib. Ermənistan siyasi iradə nümayiş etdirərək Azərbaycanın tələblərini yerinə yetirməlidir. Bu, Ermənistanın gələcəyi üçün vacib məqamdır. Məsələ ondadır ki, COP29-dan sonra sülh bağlanmasa belə Azərbaycan beynəlxalq imicini daha da gücləndirəcək. Bu da Azərbaycana imkan verəcək ki, Ermənistanı istədiyi şərtlərlə sülhə məcbur etsin. Ermənistan bu amili unutmamalı, siyasi durumu doğru dəyərləndirməlidır".
Qeyd edək ki, Böyük Britaniya baş naziri Rişi Sunak XI Bakı Qlobal Forumun rəsmi açılış mərasiminə ünvanladığı müraciətində hazırda Azərbaycanın Ermənistanla on illiklərlə davam edən münaqişəyə son qoyması üçün tarixi fürsətin yarandığını diqqətə çatdırıb. O bildirib ki, noyabrda COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı: "COP29-la bağlı Azərbaycanı dəstəkləməyə davam edirik. İnanırıq ki, COP29-a qədər Azərbaycanla Ermənistan sülhə nail olacaq".
ARAYIŞ: Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına Bakı ev sahibliyi edəcək. Tədbirdə 100 mindən çox qonağın iştirakı gözlənilir.
Rüfət Sultan