Siyasət

Cenevrədə Parlamentlərarası İttifaqın Assambleyası işə başladı - FOTO

Martın 24-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası işə başlayıb. Bizim.Media xəbər verir ki, Assambleyanın işində təşkilata 180 üzv ölkənin və 15 regional parlament orqanının nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Assambleyanın əsas mövzusu “Parlament diplomatiyası: sülh və anlaşma üçün körpülərin qurulması“ adlanır. İclaslarda təşkilatın bütün nizamnamə orqanları, o cümlədən İdarəetmə Şurası, Daimi Komitələr, Parlamentarilərin İnsan Hüquqları və Yaxın Şərq Problemləri üzrə komitələri, həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Millət Vəkilləri Forumu bir araya gələcək. Assambleyanın ümumi mövzusu üzrə yekun sənədinin qəbulu ilə başa çatacağı gözlənilir. Parlamentlərarası İttifaq milli parlamentlərin qlobal təşkilatıdır. O, 1889-cu ildə bütün xalqlar arasında əməkdaşlıq və dialoqu təşviq edən dünyada ilk çoxtərəfli siyasi təşkilat kimi təsis edilib və sülh, demokratiya və davamlı inkişafın təşviqinə xidmət edir. Bizim.Media