Siyasət

XİN: Ermənistan tərəfi regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir

“Maraqlıdır ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid törətməkdə ittiham olunduğu bu hesabatın həmmüəlliflərindən bəziləri böyük şövqlə müdafiə etdikləri Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən işğal və etnik təmizləmənin birbaşa şahidi olublar”. Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Danimarkanın keçmiş Baş naziri və NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara dair şərhində bildirib. “Biz qəti şəkildə, sözügedən birtərəfli mövqenin, eyni zamanda, bütün mövcud faktlara heç bir məhəl qoyulmamasının Ermənistandakı revanşist qrupları Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməklə yanaşı, cəmiyyətdə “Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaratdığı qənaətindəyik”, - deyə XİN rəsmisi vurğulayıb. Ayxan Hacızadə qeyd edib ki, Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir. Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər”. Bizim.Media