İrəvan KTMT-nin “Krokus”la bağlı bəyanatını rədd edib. Bu ölkə KTMT Parlament Assambleyasının “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb. Maraqlıdır, Ermənistan niyə bu addımı atıb? Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə Bizim.Media-ya danışıb. O bildirib ki, rəsmi İrəvanın KTMT-nin “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmamasının birdən çox səbəbi var: “Birinci səbəb Paşinyanın bəyan etdiyi kimi Ermənistanın KTMT-də fəaliyyətini qeyri-müəyyən müddətə dondurması ilə bağlıdırsa, ikinci səbəb Ermənistanın bu təşkilatdan gözlədiklərini əldə edə bilməməsidir. Məsələ ondadır ki, rəsmi İrəvan KTMT ilə münasibətlərini hüquqi müstəvidən daha çox ümumi təəssübkeşlik müstəvisində qiymətləndirməyə çalışır. Bu isə siyasi illüziyaya səbəb olur. İrəvanın KTMT-dən gözlədiyi mümkün cavab odur ki, bu təşkilat Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etsin. KTMT isə heç bir fakt və hüquqi əsas olmadığı üçün belə bəyanat vermir. Yəni KTMT hərbi-siyasi ittifaq kimi ciddiyətini qorumağa çalışaraq Ermənistanın siyasi avantürasına qoşulmur. Ancaq bu da səbəblərin hamısı deyil. Çünki İrəvan onsuz da KTMT-dən çıxmaq üçün bəhanə axtarır. Paşinyan hakimiyyəti Ermənistanın təhlükəsizlik strategiyasının yeni əsaslarını yaratmağa çalışır və bunun da Kollektiv Qərb ola biləcəyini düşünür. Ancaq bu, geostrateji şərtlər və Ermənistanın yerləşdiyi coğrafiya baxımından reallıqdan uzaq görünür”. Onun fikrincə, digər səbəb isə Ermənistanın hər hansı bir terror aktını qınamaq üçün özündə mənəvi-siyasi güc tapa bilməməsi ola bilər: “Çünki bu ölkə Azərbaycana qarşı terroroun ən eybəcər formalarından istifadə edib. Bu gün də Azərbaycan mina terorru və İrəvanın siyasi-diplomatik terrorundan əziyyət çəkir. Həmçinin rəsmi İrəvan Qərbin daha çox “rəğbətini” qazanmağa və bunu siyasi dividendə çevirməyə çalışır. Rəsmi Moskva terroru sifariş edənlərin Qərblə bağlı olduğunu açıq şəkildə bəyan edib. Belə olan halda Ermənistan həm də beynəlxalq münasibətlər sistemində kimin yanında olduğunu nümayiş etdirməyə çalışır. Göründüyü kimi səbəblər çoxdur, ancaq onların heç biri beynəlxalq humanitar hüquqla izah ediləcək qədər məntiqli deyil. Bu isə Ermənistan-Rusiya münasibətlərində əlavə gərginliklər yaradacaq”. Məhərrəm Əliyev, Bizim.Media