Xəbər verdiyimiz kimi, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Görüşdə əsas mövzunun Ermənistana adı çəkilən güclər tərəfindən hərtərəfli dəstəyin göstərilməsi məsələsinin olacağı bildirilir. Görünən odur ki, ABŞ başda olmaqla Qərb Ermənistana münasibətdə Vudro Vilson planını həyata keçirmək istəyir. Qərb 105 il əvvəl hazırlanan və o zaman həyata keçməyən "Vudro Vilson planı"nın yenidən gündəmə gətirməyə çalışır. Bu da onu deməyə əsas verir ki, həmin güclər regionda gərginliyin olmasında maraqlıdırlar. “Vudro Vilson planı” nədir? “Vudro Vilson planı” 14 maddədən ibarət olub və bu sənəd ABŞ-ın 28-ci Prezidenti Vudro Vilsonun adı ilə bağlıdır. Onun təklifi ilə plan 1918-ci il yanvarın 8-də Konqres tərəfindən qəbul olunub. Onun prinsiplərində türklərə, xüsusən Türkiyə və Azərbaycana qarşı iddialar var. Vudro Vilson ermənipərəstliyi ilə seçilib. O, “Böyük Ermənistan” ideyasının reallaşmasına təkan verən əsas fiqur sayılır. Birinci Dünya Müharibəsindən sonra ermənilərin Türkiyəyə ərazi iddiaları onun himayədarlığı ilə dəstəklənirdi. Bu məqsədlə Vudro Vilson Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət edib. Ancaq 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin təklifini rədd edir. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə, Ərzurum, Trapezund (Trabzon), Van, Bitlis Ermənistana verilməli idi. Ancaq həmin dövrdə türk ordusu V.Vilsonun Türkiyə ərazisində quracağı “dövlət” ideyasını darmadağın edərək anti-türk planı puça çıxardı. İndi də ABŞ və Avropa İttifaqı Ermənistanla birlikdə Cənubi Qafqazda “təhlükəsizliklə” bağlı yeni plan həyata keçirməyə hazırlaşır. Görünən odur ki, Ermənistan növbəti dəfə Cənubi Qafqazda yeni qarşıdurma üçün siyasi oyuncaq rolunu oynayacaq. ABŞ-ın Ermənistanla bağlı Vudro Vilson planını yenidən aktivləşdirməsi nəyə hesablanıb? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Qərbin Vudro Vilson planını yenidən işə salmaq cəhdi iki məqsəddən qaynaqlanır: “Qərb institutları dünən yadığı materiallarda qeyd ediblər ki, hazırda Ukrayna cəbhəsində Rusiya silahlı qüvvələrinin atəş gücü, Ukrayna qüvvələrinin atəş gücünü 5 dəfəyə qədər üstələyib. Belədə yayın sonuna qədər Qərb Ukraynanın müdafiəsilə bağlı təcili tədbirlər görməsə, Kiyevin müharibədə məğlubiyyəti qaçılmaz və labüd olacaq. Bu mənada Qərbin tədbirləri yalnız Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində aparılmır. Hazırda ABŞ, Aİ ilə birgə Rusiyanı fərqli istiqamətlərdə də mübarizəyə cəlb etmək və antirusiya cəbhəsinin frontal masştabını gücləndirmək üçün Ermənistan üzərindən iş aparır. Aprelin 5-də ABŞ dövlət katibi və Avropa İttifaqı Komissiyası sədrinin Paşinyanla görüşündə də Ermənistanın bu kontekstdə Rusiyaya qarşı perspektiv mübarizəyə necə, nə cür və hansı imkanlarla qatıla biləcəyi məsələləri müzakirə olunacaq. Təbii ki, ABŞ və Aİ Azərbaycan tərəfindən Ermənistana ola biləcək hər hansı bir hərəkətin “qarşısını alacaqlarına zəmanət vermək” istəyirlər. Bu fonda da bəyan edirlər ki, öz diplomatik kanalları vasitəsilə Azərbaycanı Ermənistana qarşı bu hərəkətləri atmaqdan çəkindirəcəklər. Rəsmi Bakının əslində Ermənistana ünvanladığı bəyanatlarında müharibə hədəsi yoxdur. Sadəcə olaraq, Azərbaycan beynəlxalq hüquqa söykənərək, özünə aid ərazilərin qaytarılmasını tələb edir. Başqa məsələ odur ki, Ermənistanı Rusiya tərəfindən ola biləcək təhlükələrdən sığortalamaq üçün Qərb Paşinyanı hansısa təhlükəsizlik kəmərləri verəcəyinə əmin etmək istəyirlər. Amma bu indiki reallıqlar şəraitində o qədər də inandırıcı deyil. Yəni bütün bu olaylar, Vudro Vilson planının yenidən aktivləşdirilməsi iki məqsəd güdür. Ermənistanın Rusiyaya qarşı mübarizəyə cəlb olunması ilyuziyasını yaratmaqla antirusiya cəbhəsinin frontal masştabını böyütmək və Azərbaycan tərəfindən Ermənistana qarşı bu və ya digər addımlar atıldığı təqdirdə, bütün hallarda İrəvanın yanında olacaqları və ona hər cür dəstək verəcəkləri mesajını vermək məqsədi daşıyır”. Rüfət Sultan, Bizim.Media