Siyasət
O vaxt ermənilər Osmanlını satdılar, indi isə...
Ağıllı insanlar adətən "Bütün müqayisələr qüsurludur” deyirlər. Biz də bu fikirlə razıyıq.
Amma gəlin bircə anlığa qonşu Rusiyanın ətrafındakı gənc və kiçik dövlətlərə münasibətini, Ukraynada apardığı müharibənin incə detallarını bir tərəfə qoyaq. Ondan başlayaq ki, qonşu Rusiya indi müharibə aparır və bu müharibə əslində Rusiya ilə Qərb arasında gedən müharibə hesab olunur.
Təxminən bir əsr bundan əvvəl Osmanlı da böyük müharibə aparırdı və belə bir məqamda ermənilər onu satdı, düşmən tərəfə keçərək Osmanlıya qarşı vuruşmağa başladı. İndi sanki tarix yenidən təkrar olunur: hazırda haylar Rusiyanı satmağa hazırlaşırlar, halbuki çox da uzaq olmayan keçmişdə ruslar onları "imperiyanın ən sadiq xalqı”, hətta Moskvanın Cənubi Qafqazdakı "forpostu” adlandırırdılar. İndi isə vəziyyət dəyişir və ermənilər özlərinin daha bir ağalarına dirsək göstərməyə başlayırlar...
Bütün bunları niyə görə deyirik? Hazırda hamı aprelin 5-də baş tutacaq ABŞ, Avropa İttifaqı və Ermənistan görüşünə diqqət kəsilib. Təxminlər olduqca çoxdur, hətta güman edilir ki, görüşdə Ermənistan üçün "təhlükəsizlik paktı” da imzalanacaq. Realdırmı? Bu yaxınlarda İrəvanda səfərdə olmuş NATO Baş katibi Yens Stoltenberq də bu ölkə üçün müdafiə imkanlarından bəhs etmişdi. O vaxt dərhal suallar yarandı ki, əcaba, bu adam nələr danışır, söhbət hansı "müdafiə dəstəyi”ndən gedir? Ukraynada Rusiya ilə birbaşa kəllə-kəlləyə gəlməyən Qərb indi bunu Cənubi Qafqazda Ermənistan üçün edəcəkmi?
Həqiqətən də çox qəliz sualdır. Ona görə ki, burada bir neçə məqam var. Aydındır ki, İrəvan Qərbin Cənubi Qafqazdakı havasına oynamaq üçün heç də ən uğurlu namizəd deyil - Ukraynaya fikriniz getməsin, Ermənistan Rusiyanın hərb maşını qarşısında heç yarım gün də davam gətirə bilməz.
Amma Qərbin burada məqsədi Rusiya ilə Ermənistan arasında cəbhə açmaq yox, Moskvanı bu ölkədən sıxışdırıb çıxarmaqdır, bunu isə ən pis halda tankların qarşısına əliyalın insanları çıxartmaqla etmək də mümkündür.
İkincisi, Cənubi Qafqazın geosiyasi palitrasını dəyişmək üçün ən çox çalışan Fransadır. Bu yaxınlardakı müsahibələrinin birində Rusiya preidenti Vladimir Putin Fransanın onlardan "küsməsindən” danışırdı – guya Paris belə hesab edir ki, onun Afrikadakı mövqelərini sarsıdan Moskvadır. Odur ki, Fransa revanş götürmək istəyir və bunun üçün də Cənubi Qafqaz, Ermənistan seçilib. Ona görə də maraqlı proseslər hələ qabaqdadır.
Hətta istisna deyil ki, NATO Ukraynadakı müharibəyə də qarışacaq. Hazırda bunun üçün zəruri "zond”lar edilir: necə deyərlər, fikir ortalığa atılıb və ona reaksiya öyrənilir...
Elə bu səbəbdən də aprelin əvvəlindəki görüşü gözləməyə dəyər. Amma bizə elə gəlir ki, dərhal nəsə qeyri-adi bir hadisə baş verməyəcək. Böyük ehtimalla bu da bir "zond”dur və Qərb bununla Rusiyanın reaksiyasını öyrənməyə çalışır. Olsun. Güman, bir çox hallarda geosiyasi təhlükəsizlikdən yox, iqtisadi təhlükəsizlikdən danışılması, ABŞ-ın və Avropa İttifaqının guya digər Cənubi Qafqaz ölkələrilə də anoloji görüşlər keçirməyə hazırlaşdıqları haqqında xəbərlər belə deməyə əsas verir ki, Qərb də birdən-birə kəskin addımlar atmağa ehtiyat edir.
Bizim üçün əsas nədir? Odur ki, bizə və Türkiyəyə qarşı hərbi alyans yaranmasın və Ermənistan bizə qarşı silahlandırılmasın. Belədə isə İrəvanın Rusiyadan uzaqlaşması bizim maraqlarımzıa cavab verən bir prosesdir. Aydın məsələdir ki, Rusiyadan elə-belə qopmaq mümkün deyil və bunu Gürcüstanın timsalında gördük: Moskva Ermənistandan da nəsə qoparmağa çalışacaq və biz bununçün lazımi anda lazımi yerdə olmağı bacarmalıyıq. Amma ehtiyatı da əldən verməməli, hər şeyi soyuq başla dəyərləndriməyə çalışmalıyıq, ona görə ki, həqiqətən də dünya böyük barıt çəlləyini xatırladır.
Hüseynbala Səlimov