Siyasət

Ziyalılardan Zərdüşt Əlizadəyə etiraz: "Bu nizamı sovet rejimi qan üzərində qurmuşdu"

Politoloq Zərdüşt Əlizadənin Qaynarinfo-da dərc olunan son müsahibəsi zamanı səsləndirdiyi fikirlər cəmiyyət və ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi şəxslər onun fikirləri ilə razı olduqlarını bildirsələr də, digərləri Zərdüşt Əlizadəni qərəzli hesab edirlər - "savadlıdır, lakin qərəzlidir". Zərdüşt Əlizadənin "Azərbaycan mədəniyyətinin kökündə farsdilli ədəbiyyat dayanır" və "Azərbaycan Rusiyanın işğalına qədər çox geridə qalmış Şərq ölkəsi idi" kimi söylədiyi fikirlər ziyalı kəsimdə etirazlara səbəb olub.  "Hörmətli Zərdüşt bəyin özlədiyi o çevrə qan üzərində qurulmuşdu"   Yazıçı-publisist  Mehriban Vəzir Qaynarinfo-ya açıqlamasında bildirib ki, İran mədəniyyətinin kökündə türk idarəetmə gələnəyi, türk dövlət siyasəti dayanır: "Zərdüşt bəyin region deyə işarə etdiyi tarixi məkan isə aşağı-yuxarı Turandır. Tarixdən bəllidir ki, türk hakimləri farsdilli ədəbiyyatın sifarişçiləri olub. Çünkü onların çoxu yüksək təhsil görmüşdülər və bir neçə dildə yazıb oxuya bilirdilər. Fars dilini şeir dili, ərəb dilini elm dili, türk dilini hərb dil hesab edirdilər".  Mehriban Vəzir hesab edir ki, regionda bu üç dilin üçü də, belə demək mümkünsə, öz naqislik dövrünü yaşayıb və biri o biri ilə tamamlanıb:   "20-ci yüzildə Şərqdə Avropada 18-ci yüzildə getmiş proses getdi. Şərqin bu üç möhtəşəm dili bir-birinin əsarətindən qurtardı, müstəqilləşdi, həm şeir, həm elm, həm hərb gücünü təkmilləşdirdi, üç güc bir dildə cəmləşdi. Bu da keçmiş hər üç mədəniyyətə dərin təsirini buraxıb. Biz özümüzdəki gördüyümüz qədər onlardakı etkilərimizi də görməliyik. Yoxsa fikirlərimiz naqis olar". Publisistin sözlərinə görə, biz Azərbaycan mədəniyyətinin kökündə farsdilli ədəbiyyat dayanır deyiriksə, mütləq əlavə etməliyik ki, İran (hazırkı fars mərkəzli) mədəniyyətinin kökündə türk idarəetmə gələnəyi, türk dövlət siyasəti dayanır: "Biz aldığımız qədər, bəlkə artıqlaması ilə təsir göstərmişik. Bu təsirləri öyrənmək, araşdırmaq, bilmək bəzilərimizi komplekslərdən azad edər. Eləcə də nəzərə alaq ki, mədəni cəhətdən öndə sayılan Avropa da belə bir dönəm yaşayıb. İngilis, fransız, alman dillərinin də - belə demək olarsa - müstəqilləşmə dönəmi son əsrlərdə başlayıb. O zamana qədər yunan dili hakim idi və çoxsaylı Avropa mütəfəkkirlərinin əsərləri, dövlət arxivləri, siyasi məktublaşmalar, kral fərmanları, hətta saray menüləri yunanca idi. Hörmətli Zərdüşt bəy özlədiyi o çevrənin hansı qan üzərində qurulduğunu bilməmiş deyil". "Bakının çoxmillətli şəhər olmasına, bundan ötrü Rusiya 200 il çalışdı. Nəticə olmadı, Parisin bir fransız, Londonun bir ingilis, Berlinin bir alman şəhəri olduğu kimi, Bakı da bir türk şəhəridir"   Mehriban Vəzir Zərdüşt Əlizadənin müsahibə zamanı səsləndirdiyi "türk ünsürü Bakıda azlıq təşkil edirdi" ifadəsinə də münasibət bildirib: "O, deyib ki, ağlı kəsəndən qonşuluğumuzda ruslar, yəhudilər, ermənilər, ləzgilər, belaruslar, talışlar, polyaklar və s. o qədər millətlər yaşayırdı ki. Mənim də böyüdüyüm həyətdə 12 ailə var idi, 10-u rus idi. Zərdüşt bəyin də, mənim də, müasirlərimizin də ağlı kəsəndən vəziyyət belə idi. O ruslar və digərləri Bakıya köçürülmüşdülər. Bakı əhalisini repressiya edib, güllələyib, sürgün edib evlərini ruslara, ermənilərə, yahudilərə vermişdilər. Mən məktəbli olanda - 70-cil illərdə "Tarqovı"da ermənilər, ruslar, az-az bizimkilər yaşayırdı. Erməni olan rus dili müəllimim "Tarqovı"da qalırdı. Azərbaycan mülkədarlarının evləri əllərindən alınıb onlara verilmişdi. Bu nizamı rus-sovet rejimi qurmuşdu. Kimləri qovub, kimləri gətirmişdi? Hörmətli Zərdüşt bəy özlədiyi o çevrənin hansı qan üzərində qurulduğunu bilməmiş deyil. Artıq 30 ildir mənim uşaqlıq dostlarımdan, qonşularımızdan heç biri Bakıda qalmayıb. Necə gəlmişdilər, eləcə də getdilər. Bu, çox təbii prosesdir. Əlbəttə, izsiz də keçə bilməz. O izlərin içində yaxşı əlamətlər, xoş xatirələr də ola bilər. Bəlli! Rejim dağıldı, təbii olaraq nizam çökdü. İndi bunun nostaljisi fayda verməz, niyə var idi, niyə yox oldu təhlili daha çox işimizə yarayar. O ki qaldı Bakının çoxmillətli şəhər olmasına, bundan ötrü Rusiya 200 il çalışdı. Nəticə olmadı, Parisin bir fransız, Londonun bir ingilis, Berlinin bir alman şəhəri olduğu kimi, Bakı da bir türk şəhəridir. Bu şəhərdə türk ünsürü heç bir dönəmdə az olmayıb. Amma… Bəzi elit çevrələr Zərdüşt bəyin dediyi kimi çoxmillətli idi. Bu, təbii deyil, qurama bir çoxmillətlilik idi. Adıçəkilən millətlərin böyük çoxluğu bu şəhərə köçürülmüş və elit bir çevrə yaradılmışdı. Əlbəttə, təhsili və səviyyəsi üstün olan, imtiyazları olan çevrə idi. Nədəni, milli faydası, xeyiri, zərəri dartışılacaq bir mövzudur. Belə çevrələr nə qədər idi? Ölkə əhalisinin neçə faizi idi? Hörmətli Zərdüşt bəy öz çevrəsini Azərbaycanın neçə faizinə tətbiq edə bilər? Məncə, 5-7 faizdən o tərəfə keçməz. Bu isə bir xalqın tarixi keçmişi ola bilməz, sadəcə dönəm ola bilər". Yazıçı Zərdüşt Əlizadənin Füzuli ilə bağlı səsləndirdiyi fikirlərinə də münasibət bildirib: "Bizim Moskvada yaşayan ədiblərimiz olub. Son mogikan Çingiz Hüseynov, iki dildə yazırdı. O, rus yazar sayıla bilərmi? Qətiyyən. Azərbaycan yazıçısıdır. Hər halda o ərəb kimi bir rus da deyə bilər ki, Çingiz Hüseynov bizimdir. Çox sağolsun, xoşdur, amma deməklə olmur ki".  Həmsöhbətimiz fikirlərini tamamlayarkən bildirib ki, Zərdüşt bəy kimi bir adam sovet dövrünün nostaljisini yaşaya bilməz, yaşamamalıdır: "Məncə, o, öz gəncliyinin, xoş xatirələrinin həsrətini çəkir. Bu həsrət isə birimizdə əsəbi, birimizdə məyus, birmizdə… Nə isə, fərqli duyğular yaradır". "Ədəbiyyatın fars dilinin imkanları üzərində inkişafından öncə Azərbaycanda ərəbdilli ədəbiyyat təşəkkül tapmağa başlayıb"   Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli isə qeyd edib ki, İslam dini bərqərar olduqdan sonra Azərbaycanda bu dinin yayılması xalqımızın mədəniyyətinə və düşüncəsinə geniş şəkildə müsbət mənada öz təsirini göstərə bilib: "Ədəbiyyatın fars dilinin imkanları üzərində inkişafından öncə Azərbaycanda ərəbdilli ədəbiyyat təşəkkül tapmağa başlayıb. Bu ənənə Azərbaycan şairlərinin öz mədəniyyətindən uzaqlaşması kimi anlaşılmamalıdır. Bu, xalqın dəyərlərinin təbliği baxımından yaradıcılıqlarının daha geniş olaraq yayılmaq istəyindən irəli gəlirdi. Ədəbiyyatşünaslar təsdiq edə bilərlər ki, İslam dininin yayılmağa başladığı ilk yüzillərdə əl-Azərbaycanı təxəllüsü ilə yazan saysız şairlərimizi misal olaraq göstərmək mümkündür. Fransalı mütəfəkkir Qustav Lebon yazırdı ki, "Latın dili orta əsrlərdə Avropada necə yayılmışdısa, ərəb dili də müsəlman xalqları arasında elə intişar tapmışdı". Bu vəziyyət Azərbaycan ədəbiyyatında da özünü açıq şəkildə göstərirdi. Azərbaycan ədəbiyyatı ərəb dilli poeziyanın yayılması baxımından Şərqə böyük dühalar bəxş edib". Rəsul Mirhəşimli vurğulayıb ki, Əməvilərin xilafəti ələ keçirməsindən sonra Azərbaycan ədəbiyyatında İsmayıl bin Yəsar, Musa Şəhəvat, Əbul-Abbas əl-Əma kimi qüdrətli şairlər yetişirdi:   "XI əsrin əvvəllərində Əbu Mənsur əs-Səalibi X əsr ərəbdilli Azərbaycan şairləri haqqında qiymətli məlumatlar verir. Bu hal təkcə ədəbiyyatla məhdudlaşmır, elm sahəsində də özünü açıq olaraq göstərirdi. Ərəb dilinin müsəlman Şərqində o dövr üçün elm dili olması bu dildə elm və ədəbiyyatın zəngin nümunələrinin ortaya qoyulmasına səbəb olurdu". Rəsul Mirhəşimli bildirib ki, Mahmud Kaşğarlı "Divani-lüğət-it türk" kimi fundamental əsərini ərəb dilində yazıb. Bunun da səbəbləri var idi: "Bu, türk dilinin imkanlarının zəifliyindən, yaxud zəngin olmadığından dolayı deyildi. Mahmud Kaşğarlı ərəblərə və müsəlman dünyasına Türk dilinin zənginliyinin və Türk dilçiliyinin imkanlarının nə qədər geniş olduğunu nümayiş etdirə bildi. Anlamaq çətin deyil ki, bu əsər yazıldığı gündən bu günədək ən fundemantal əsər olaraq öz dəyərini saxlaya bilib”. "Məhəmməd Füzulinin farsca Divan yaratması Türk dilinin imkanlarının məhdud olmasından deyildi, yuxarıda göstərdiyimiz səbəblə əlaqəli idi"   Həmsöhbətimiz qeyd edib ki, ərəb dilli ədəbiyyatın inkişafından illər sonra Azərbaycan ədəbiyyatı fars dili üzərində yayılmağa başlayıb: "Bu da qeyd etdiyim kimi, şairlərimizin ustalığına daha geniş kütlələrin şahid olması istəyindən, öz yaşadığı arealdan kənarda da rahat anlaşılması niyyətindən xəbər verirdi. Nizami Gəncəvi, Əfzələddin Xaqaninin bu dildə yazması, İmadəddin Nəsiminin yaradıcılığının bir qisminin fars dilində olması, Məhəmməd Füzulinin farsca Divan yaratması Türk dilinin imkanlarının məhdud olmasından deyildi, yuxarıda göstərdiyimiz səbəblə əlaqəli idi. Əgər adlarını çəkdiyim Azərbaycan şairlərinin düşüncəsi fars dilinin, yaxud bu xalqın düşüncəsinin bir parçası olsaydı, o zaman Gəncəvi, Xaqani təxəllüsünü deyil, məsələn, Şirazi, "farsi" təxəllüsüsünə şahid ola bilərdik. Kimsə iddia edə bilməz ki, Məhəmməd Füzulinin Türkcə Divanı ərəb və farsca olan Divanından poetik, fəlsəfi, əruz zənginliyi və s. baxımından geri qalır. O ki qaldı Nizami Gəncəvinin farsca yazmasının həqiqətinə, şairin yaradıcılığına bələd olanlar gözəl bilir ki, dahi Azərbaycan şairi Türk kimliyini inkar etmir. Nizami Gəncəvinin yaradıcılığında "Qıpçaq qızı Afaq Türk oğlunun çiynində məzar köçdü" ifadəsi ilə həyat yoldaşının milli kimliyinin hansı dil yarımqrupuna mənsubluğunu göstərməklə yanaşı, eyni zamanda, öz Türk kimliyini də bəyan edir".  Rəsul Mirhəşimli bildirib ki, farsdilli ədəbiyyatın nümunələri təkcə Azərbaycan şairlərinin yaradıcılığı ilə məhdudlaşmır. Türk xalqlarının yaşadığı bir çox bölgələrdə bu dildə poeitk nümunələrin yazılı nümunələrinə rast gələ bilərik: "Anadolu Səlcuqlu dövlətinin ozamankı paytaxtı Konyada yaşayan Mövlanə Cəlaləddin Rumi fars dilində onlarla əsər yazıb. Bu hal Mövlanənin şənindən heç nəyi əksiltmədi. "Məsnəvi"sində Mövlanə özü qeyd edir ki, "Siz mənim fars dilində danışmağıma baxmayın, mən Türkəm". Başqa dildə belə zəngin ədəbi irsə sahib olmaq Azərbaycan ədəbiyyatının öz hüdudlarını aşıb, dünyada tanınmasına vəsilə oldu. Başqa dildə yazmaq hansısa mənfi kompleks yaratsaydı, əsərlərinin bir qismini rus dilində yazan Çingiz Hüseynov Azərbaycan ədəbiyyatı üçün bu qədər dəyərli olmazdı. Məncə, ərəb, fars, rus dilində yazılmış Azərbaycan ədəbiyyatına neqativ nəzərlərlə baxmaq faydalı tendensiya deyil. Bu hala Azərbaycan mütəfəkkirlərinin ustalıq məharətinin ən gözəl istedad sərgiləmək bacarığından irəli gəlməsi kimi baxmaq gərəkdir". Günay İlqarqızı