Ermənistan yenidən atəşkəsi pozub. Belə ki, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Qeyd edək ki, İrəvan ABŞ, Aİ və Ermənistan rəhbərliyinin iştirakı ilə aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırlaşır. Belə bir ərəfədə isə Ermənistan atəşkəsin pozulmasına yol verir. 5 aprel görüşündən öncə belə bir təxribatın törədilməsi nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, İrəvan atəşkəsi pozmaqla baş verən təxribatı Bakının ayağına yazaraq, Brüsseldə Azərbayanı ittiham edəcək hər hansı bir addım və yaxud gizli razılaşmanın əldə olunmasına nail olmağa çalışır: “Ermənistanın Azərbaycanla şərti sərhədlərində son hərəkətləri, habelə Naxçıvan istiqamətində atəşkəsi pozması İrəvanın növbəti təxribata hazırlaşdığının göstəricisi hesab edilməlidir. Çünki Ermənistan sülh istəmir. Sülh istəsəydi müharibədən dərhal sonra Azərbaycanın uzatdığı sülh əlini sıxar və nəticədə bu gün bölgəmizdə sabitlik olardı. Ancaq bu gün törədilən təxribatlar əslində 44 günlük müharibədən sonra Azərbaycana qarşı Ermənistanın törətdiyi təxribat silsiləsinin növbəti həlqəsidir. Bütün hallarda olduğu kimi, İrəvanın bu təxribatı da eyni məntiqi sonluqla nəticələnəcək. Ermənistanın bütün təxribatlarına Azərbaycan layiqli cavab verib. Ona görə də bu gün İrəvanın təxribat imkanları məhdudlaşdırılıb. Naxçıvan istiqamətində atəşkəsin pozulması isə aprelin 5-də ABŞ, Aİ və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüş ərəfəsində baş verir. Görünür, bütün bu təxribatları Bakının ayağına yazmaqla Brüsseldə Azərbayanı ittiham edəcək hər hansı bir addım və yaxud gizli razılaşmanın əldə olunmasına nail olmağa çalışırlar. İkincisi, Ermənistandakı Aİ missiyasına hansısa status almaq və ya mümkün statusu razılaşdırmaqla bağlı hərbi pakt qismində Ermənistanın “yeni təhlükəsizliyi” üçün qərarın qəbul edilməsinə çalışacaqlar. Təxribatlar da Ermənistana buna görə lazımdır. ABŞ rəsmiləri üçtərəfli görüşdə regional iqtisadi, Ermənistan iqtisadiyyatının dirçəldilməsi məsələlərini müzakirə edəcəklərini bəyan etsələr də, İrəvanın hər hansı bir formada gücləndirilməsi nəticə etibarı ilə onun həm də hərbi baxımdan gücləndirilməsi deməkdir. Çünki Ermənistan iqtisadiyyatının güclənməsi nəticə etibarı ilə onun hərbi baxımdan da güclənməsinə gətirib çıxaracaq”. Deputatın fikrincə, bu təxribatlar böyükmiqyaslı müharibəyə də çevrilə bilər: “Bu da istisna deyil. Azərbaycan bu təxribatlara cavab verəcək. Erməni təxribatları daha geniş miqyas alarsa, Azərbaycan beynəlxalq hüquqa əsaslanan müdafiə hüququndan istifadə etməklə şərti sərhədlərindən 30 kilometr daha dərinliyə doğru irəliləməklə öz təhlükəsizliyini təmin edəcək”. Rüfət Sultan, Bizim.Media