Siyasət

Sahibə Qafarova: “Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığını inkişaf etdirməyə xüsusi diqqət yetirib” - FOTO

Aprelin 4-də Milli Məclisin sədri Sahibə Qafarova Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu diqqətə çatdırıb.  O deyib ki, bu səfər Azərbaycanla Konqo arasında əlaqələrin inkişafına böyük təkan verəcək. Görüşdə qeyd olunub ki, bu gün ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da təsisata sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssüratlarını bölüşüb. Qonaq səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Qarşılıqlı münasibətlərin inkişafı üçün hər iki ölkənin böyük potensialının olduğunu deyən Konqo dövlətinin başçısı bu sahədə parlamentlərin də mühüm rol oynayacağını qeyd edib. O, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsi, Bakıda COP29-un keçirilməsinə hazırlıq işlərinə dəstək, mədən sənayesi, kənd təsərrüfatı, ətraf mühit, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, iki ölkə arasında əlaqələrin perspektivləri barədə danışıb. Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələr arasında əlaqələrdə mühüm əhəmiyyətindən bəhs olunub. S.Qafarova Milli Məclisin Konqonun həm Milli Assambleyası, həm də Senatı ilə əlaqələri inkişaf etdirməyə hazır olduğunu deyib. Bildirib ki, parlament üzvləri arasında təmaslar, qarşılıqlı səfərlər münasibətlərə töhfə verə bilər. Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlamenti dünyanın bir çox ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Onlardan biri də Qoşulmama Hərəkatıdır. Azərbaycanın sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Hazırda Azərbaycanın sədrlik etdiyi Şəbəkədə 70-dən artıq ölkə təmsil olunur. Konqo parlamentinin də Şəbəkənin işində fəal iştirakı ümumi maraqlarımıza xidmət edəcək. Konqo Prezidenti ölkəsinin qanunverici orqanının Azərbaycan parlamenti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayaraq, qarşıdakı dövrdə bu istiqamətdə fəal addımların atılacağına inamını ifadə edib. Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz yanaşmaları barədə məlumat verərək, bir sıra ölkələrin, o cümlədən Fransanın Cənubi Qafqaz regionunda sülhə maneə törətdiyini, bölgədə qeyri-sabitlik yaratmaq, neokolonializm siyasətini buraya gətirmək niyyətində olduğunu diqqətə çatdırıb. Prezident Deni Sassu-Nqesso isə xatırladıb ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartlara qarşı birlikdə mübarizə aparacaq. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Bizim.Media