Texnologiya

Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlandı

Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq. "Report" xəbər verir, bu barədə Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib. "Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük", - S. Əsədov bildirib. Qeyd edək ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Azərkosmos" və "Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. "Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək. Müqaviləyə əsasən, "Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. "IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq. "IAI” proqram çərçivəsində Azərbaycanda "Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.