Siyasət

Rəsmi Bakı Brüssel görüşünə nə cavab verəcək? (ŞƏRH)

"Brüssel görüşü Ermənistana təhlükəsizlik zəmanəti və silah verilməsi məsələsi üzərində qurulsa, ona cavab olaraq Azərbaycanın siyasi, iqtisadi və hərbi reaksiyası olacaq. Bu halda danışıqlar prosesində də dəyişikliklər olacaq”.   Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov 3 tərəfli Brüssel görüşündə İrəvana təhlükəsizlik zəmanəti verilməsi öz əksini tapacağı təqdirdə, Bakının cavab tədbiri olaraq atmalı olduğu addımlar haqqında danışarkən deyib.  Fərhad Məmmədov bildirib ki, siyasi reaksiya danışıqlar prosesində dəyişikliklərin olmasında özünü göstərəcək. Hətta danışıqların məkan olaraq Avropada keçirilməsinə son qoyula bilər:   "Ermənistanla danışıqlarda yeni şərtlərin irəli sürülməsi də mümkündür. Hərbi sahədə Ermənistanın hər hansı bir təxribatına qarşı qeyri-proporsional addımların olması da mümkündür. İqtisadi sahədə isə Ermənsitanın təcridinin davam etdirilməsi gözləniləndir. Azərbaycandan elektrik enerjisinin Qara dənizin dibilə Rumıniya və Macarıstana yönləndirilməsi nəzərdə tutulur. Aİ bu layihəyə Ermənistanı da qoşmaq istəyir. Onu bloklamaqla İrəvanı prosesdən təcrid etmək olar. Habelə, İran ərazisindən Naxçıvana nəqliyyat işlərini sürətləndirməliyik".   Ekspert düşünür ki, 5 aprel görüşündən sonra Rusiya və İranın reaksiyasına baxmalıyıq:   "Azərbaycan bu məsələ ilə bağlı mövqeyini ən ali səviyyədə bildirib. Brüsseldə görüşdə iştirak edəcək 3 nəfərdən ikisi bu haqda Azərbaycan Prezidentilə danışıb. Azərbaycan Prezidenti də telefon danışığında həm ölkəmizin gözləntiləri, həm də narahatlığını bildirib. 5 aprel Brüssel görüşündən sonra əsasən Rusiya və İranın reaksiyasına baxmalıyıq. Çünki bu reaksiyalar regionumuz və Ermənistanla bağlı olacaq. Azərbaycanı qayğılandıran məsələ odur ki, İrəvanla hər hansı bir formada əməkdaşlıq sazişləri imzalananda orada Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları yer almasın. Şarl Mişel, Emmanuel Makron və Olaf Şoltsın imzaladığı Qranada sənədində Qarabağ ermənilərinin Qarabağa qeyd-şərtsiz qayıtması məsələsi qoyulub. Bu isə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir". Fərhad Məmmədov bildirib ki, 25 il ərzində Ermənistan üçün Rusiya və KTMT-nin oynadığı rolu, bu gün Qərbin oynamasına razı deyilik: "Avropa İttifaqının İrəvandakı nümayəndəsi və qurumun digər rəsmilərinin bildirdiyinə görə, Avropa Sülh Fondundan Ermənistana yardımların verilməsi planlaşdırılır. Onlar bildirsə də ki, bu ancaq hərbi təhsil sahəsini əhatə edəcək, verilən texnikalar hücum xarakteri daşımayacaq, bu Azərbaycanı qane etmir. Çünki hər hansı maliyyə dəstəyi bu istiqamətlərdə olsa da belə, yaranmış vəziyyət Ermənistanın digər hücum xarakterli silahların alınması üçün daha çox vəsait ayırmasına gətirib çıxaracaq. Bu təcrübəni 25 il ərzində İrəvanın Rusiya və KTMT ilə əməkdaşlığında gördük. Rusiya Ermənistanın Türkiyə və İranla sərhədində dayanır, ona ucuz silahlar satırdı. Rusiya ilə havadan hücum sistemləri yaradılmışdı. Bütün bu resurslardan azad olan Ermənistan həmin miqdarda maliyyə xərclərini Qarabağın işğalının davamına yönəldirdi. Ona görə də 25 il ərzində Ermənistan üçün Rusiya və KTMT-nin oynadığı rolu, bu gün Qərbin oynamasına razı deyilik”.  Qeyd edək ki, bu gün Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Layen və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli konfrans keçiriləcək. Görüşün nəticəsi olaraq Qərbin İrəvana təhlükəsizlik zəmanəti verəcəyi, onu silahlarla təmin edəcəyi gözlənilir. Bu isə aydın məsələdir ki, Azərbaycanın maraqlarına cavab vermir. Çünki həmin vəziyyətin yaranması fonunda işğalçı Ermənistan şirniklənərək, yenidən özünün əvvəlki təcavüzkar siyasətinə qayıda bilər. Sözügedən vəziyyətin yaranması birmənalı olaraq Azərbaycanı öz təhlükəsizliyinin təminatı üçün müxtəlif sahələrdə cavab tədbirləri görməyə vadar edəcək. Rüfət Sultan