Siyasət

Ermənistan atəşkəsi niyə pozur - Savaş başlayırmı?

"Burada məqsəd Azərbaycanı yeni müharibəyə cəlb etməkdir. Bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasını istəmir. Bu yolla da bölgədə daimi olaraq müharibə ocağının qalmasına çalışırlar". Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın aprelin 5-də atəşkəsi pozmasını şərh edərkən deyib. Politoloq bildirib ki, Ermənistanın son zamanlar yenidən atəşkəsi pozmaq cəhdləri İrəvana verilən tapşırıqdır: "Qərb ölkələri belə vəziyyətin yaranmasında maraqlıdır ki, Azərbaycan ona reaksiya versin. Nəticədə, İrəvan guya Azərbaycanın onun ərazisini işğal etdiyi barədə hay-küy qoparsın. Xeyli müddətdir bu istiqamətdə Ermənistan informasiya müharibəsi aparır. Hər yerdə uydururlar ki, Azərbaycan guya Ermənistana hücum edəcək. Əsas məqsədləri Azərbaycanı dünyada işğalçı kimi tanıtmaqdır".   Cümşüd Nuriyev qeyd edib ki, Rusiyada vəziyyətin bu cür inkişafında maraqlıdır: "Ona görə Rusiyaya da bel bağlaya bilmərik. Ermənilərin dediyi kimi, sərhədə doğru getsək KTMT-nin 4-cü maddəsinin işə düşməyəcəyinə də  zəmanət yoxdur. Moskva bölgədə mövqelərinin gücləndirmək istəyir. Ona görə İranla birlikdə Ermənistanı qızışdırır. Məqsəd də Azərbaycanı tora salmaqdır. Azərbaycanın isə ucuz sensasiyalar xaritinə nəyəsə gedəcəyinə inanmıram. Amma bütün hallarda ehtiyatlı olmalıyıq". Qeyd edək ki, aprelin 5-də 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli,  Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Məlumatda bildirilir ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.  Rüfət Sultan