Mədəniyyət

Vahabzadə haqda sirr açıldı: anasının protezində nə gizlətmişdi? – FOTO

Bu avtobioqrafik esse türkiyəli yazıçı Beşir Ayvazoğlunun “Siretler və Suretler” kitabındakı bir xatirə əsasında formalaşıb. Burada təkcə bir şairdən – Bəxtiyar Vahabzadədən bəhs edilmir; əslində bir dövrün nəfəsi, bir qorxu sisteminin insanın daxili dünyasında buraxdığı izlərdən danışılır. Sözün arxasında tarix dayanır, amma bu tarix sərt faktların sadalanması kimi deyil, insan şüurunun dərinliyində səssiz şəkildə dolaşan bir narahatlıq kimi hiss olunur. Bəstəkar Qəmbər Hüseynli ilə bağlı epizod isə həmin narahatlığın daha yaxın, şəxsi qatını açır – sanki böyük bir zamanın içində iki insanın bir-birinə ehtiyatla toxunan baxışları kimi. Aşağıda təqdim olunan hissə bu ehtiyatlı toxunuşların içindən doğulan bir hekayədir: yarısı xatirə, yarısı sənəd, yarısı isə insanın öz içində gizlətdiyi qorxunun səssiz formasıdır. Bizim.Media “Globalinfo.az”a istinadən həmin yazını təqdim edir:  “Bəxtiyar Vahabzadə və “İki qorxu” Türkiyəli yazıçı Beşir Ayvazoğlu öz kitabında yazır: Bəxtiyar Vahabzadə ilk dəfə 1972-ci ildə Türkiyənin “Varlık” jurnalında Füzuliyə hücum edən bir yazara verdiyi uzun və susdurucu cavabla diqqətimizi çəkmişdi. “Yel qayadan nə aparar?” başlığını daşıyan bu yazı həqiqətən gözəl idi. Daha sonra eyni imzaya “Türk Edebiyatı” jurnalında tez-tez rast gəlməyə başladıq. Azərbaycanlı bir yazarın mühafizəkar bir jurnalda yazması çox təəccüblü idi; çünki Sovet İttifaqına tabe olan Türk respublikalarında, nəinki Türkiyədə “sağçı” kimi tanınan şəxslərlə əlaqə saxlaması, “Türk” kəlməsini tələffüz etməsi belə son dərəcə təhlükəli idi. Türkiyəyə gəlmək imkanı tapan yazıçıların arxasınca iki-üç KQB agentinin gəzdiyini bilirdik, çünki bir neçə dəfə buna şahid olmuşduq.  

“Tercüman” qəzetinə ziyarət məqsədilə gəldiyində uzun-uzadı söhbət etmiş və bu söhbətin mühüm hissələrini müsahibə halına gətirərək rəhbərlik etdiyim səhifədə dərc etmişdim. Yaxşı xatırlayıram, eyni günün axşamı məni telefonla tapdı və təşviş dolu bir səslə dediklərinin bəzilərinin istifadə olunmamasını xahiş etdi. Minlərlə ziyalının qətlə yetirildiyi, Sibirə sürgün edildiyi Stalin dövrü, xüsusilə 1937-ci il, təkcə SSRİ tarixinin deyil, bəşər tarixinin ən qaranlıq dövrüdür. Stalin öldükdən sonra təzyiqlər azalsa da, tamamilə ortadan qalxmadı; azad düşüncə hər zaman təhlükəli idi. Vahabzadənin də başı bir dəfə belə bir şeiri ucbatından dərdə girmişdi. Konstitusiyada rəsmi dilin Azərbaycan dili olduğu halda, dövlət idarələrində rus dilinin istifadə olunmasını “Latın dili” adlı şeirində Əlcəzairin bir problemindən bəhs edirmiş kimi üstüörtülü şəkildə tənqid edən Vahabzadə demişdi: Bu gün yer üzündə latın xalqı yoxdur, amma latın dili hələ də bütün canlılığı ilə yaşayır. Yəni xalq yoxdur, dil var. Ancaq yer üzündə elə xalqlar var ki, onların özləri yaşayır, amma dilləri ölüdür. Əlcəzair xalqı kimi. İndi hansına ölü deyək? Ölkə və xalq var ikən əsir olan bir diləmi? Yoxsa özü qalan, dili ölən bir xalqamı?

Bəxtiyar Vahabzadə bu düşüncələrdə ikən qapının önündə bir maşın dayanır. Vahabzadənin ürəyi ağzına gəlir, bütün bədənini soyuq tər basır, dünya bir anda qara zindana dönür; öz-özünə deyinir: “Dar ağacından əvvəl öz dilim asdı məni!” Qapının önündə dayanan maşın bir az sonra hərəkət edir. Vahabzadənin qorxduğu başına gəlməmişdi, amma bu, gəlməyəcək demək deyil. Yatsa da yuxuya gedə bilmir və daxilən götür-qoy etməyə başlayır: Polis gələndə, əlbəttə, əvvəlcə arxivini yoxlayıb yazdıqlarını araşdıracaq, eyvah! Dərhal yatağından qalxıb bütün şeirlərini masanın üzərinə tökür və hər birinə bir müfəttiş gözüylə baxanda dəhşətə qapılır: “Bunlar ələ keçsə, dərimə saman təpər o cəlladlar!” Elə isə hamısını yandırmalı! Bu şeirlərdə dilə gələn şikayətləri, üsyanları, arzuları, ümidləri, xəyalları… yandırmalı! Və yandırmağa başlayır! Ancaq hamısına qıya bilmir, bir qismini ayırıb anasının ayağına taxdığı protezdə gizlədir. Gəl ki, içini gəmirən bu qorxu ilə yaşaya bilmir; səhər açılan kimi Qəmbərin yanına gedib, dünənki sözlərinin yalan olduğunu söyləməyə qərar verir.