Siyasət

Komitə sədri: "Azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər"

"Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, 1-ci Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan vəzirovlara qədər, 20 yanvardan Xocalıya kimi faciəli milli tarix yaratmışıq".  Qaynarinfo xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili qeyd edib ki, Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər:  "Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə" deyən şərçilər indi də 17 aprel qərarını "Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri" ilə bağlayırlar. Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var - İlham Əliyevin  ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər".  Zahid Oruc vurğulayıb ki, dövlət başçısının strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi: "20 sentayabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, I Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu. Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar. Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO  orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər? Xarici ordularla belə işləyərlər, cənablar! Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq!". Qafqaz Rafiqoğlu