“Son dövrlərdə şagirdlər müxtəlif sosial platformalardan istifadə edirlər və həmin platformalarda müxtəlif videogörüntülər paylaşırlar. Kriminal və bayağı musiqilər qoşaraq təhsil müəssisələrində istədikləri kimi hərəkətlər nümayiş etdirirlər. İkinci tərəfdən bəzi abituriyentlər etik olmayan geyimlərdən istifadə edirlər. Məzun olan şəxs özündən sonrakı nəslə nümunə olmalıdır. Mənim düşüncəmə görə, doğru yanaşma tərzi də məhz budur. Biz göstərdiyimiz hər bir davranışda etik kodekslərə uyğun olmalıyıq”. Bizim.Media xəbər verir ki, bunu “yenisabah.az”a təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. O bildirib ki, əvvəlki dövrlərdə yol hərəkəti məsələləri ilə bağlı problemlər yaşanıb: “Bəziləri atasının, dayısının maşınlarını götürüb şəhərdə yol hərəkəti qaydalarını pozur. Bu da asayişin pozulmasına səbəb olur. Beləliklə, xoşagəlməz mənzərə yaranır. Dövlət qurumları da bütün bu halları nəzərə alaraq əhalini məlumatlandırır və baş verə biləcək proseslərin qarşısını almağa çalışır. Bütün bunlar ümumi təlimatdır. Öncədən xəbərdarlıq edilir ki, bəzi qaydalara riayət olunsun. Həmin gün məzunların özəl günüdür və şagirdlərin böyük əksəriyyəti ali məktəblərə imtahan verir. Ona görə də xoşagəlməz hansısa halın baş verməsi cəmiyyətdə də narahatlıq yaradır”. Ekspert qeyd edib ki, burada əsas səlahiyyətlərdən biri məktəb rəhbərliyinin üzərinə düşür: “Bu cür tədbirlər 2 hissədən ibarət olur: rəsmi və bədii hissə. Rəsmi hissədə məktəb rəhbərləri, müəllimlər, şagirdlər və s. çıxış edir. Bədii hissədə isə daha yaxşı görüntü yaratmaq üçün yazıçılarımızın əsərləri əsasında tamaşalar hazırlaya bilərlər. Müxtəlif ifalar və videoroliklər təqdim edilə bilər. Bütün bunlar hansısa dırnaqarası müğənnilərin çıxışlarından daha yaxşı görünür. ‘Qaqa’ təfəkkürünü təbliğ edən musiqilərə şagirdlərin qol qaldırıb oynamasına yol vermək olmaz. Bütün bu məqamlara diqqət etmək lazımdır. Burada əsas səlahiyyətlərdən biri də məktəb rəhbərliyinin üzərinə düşür. Hər şeyin qarşısını vaxtında almaq lazımdır ki, sonra şagirdləri nədəsə günahlandırmayaq”. Qeyd edək ki, sabah ölkə üzrə “Son zəng” tədbirləri keçiriləcək. Bununla əlaqədar olaraq, həm Fövqəladə Hallar Nazirliyi, həm də Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə, şagirdlərə və məktəb rəhbərliklərinə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini xatırladıb. Bizim.Media
Cəmiyyət
“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”
Mənbə: bizim.media