Texnologiya

Çində "WhatsApp" bloklanır

"Apple" şirkəti Çindəki "App Store"dan "WhatsApp" və "Threads" tətbiqlərini silib.  Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb. Agentlik "Apple” şirkətinin bəyanatına istinadən yazır ki, bu, milli təhlükəsizlik səbəbi ilə Çin hakimiyyətinin tələbi ilə edilib.  "Bizdən fəaliyyət göstərdiyimiz ölkələrin qanunlarına riayət etmək tələb olunur, hətta onlarla razılaşmasaq belə", deyə ABŞ şirkətinin bəyanatında qeyd edilir. "Reuters" aydınlaşdırır ki, "Meta"nın digər tətbiqləri, o cümlədən "Facebook" və "Instagram" hələ də Çin "App Store"da mövcuddur. "Meta" şərh verməkdən imtina edib. Çin texnologiya sənayesindən bir neçə ekspert "WhatsApp" və "Threads"in silinməsinin Çində aprelin 1-dən qüvvəyə minmiş qayda ilə bağlı ola biləcəyi ehtimalını irəli sürüb. Yeni qaydalara əsasən, Çində mövcud olan bütün tətbiqlər xüsusi dövlət reyestrinə daxil edilməlidir. "Apple” bundan əvvəl də Çin hakimiyyətinin tələbi ilə tətbiqləri mağazadan silib. Belə ki, 2017-ci ildə "The New York Times” qəzetinin tətbiqi silinib. Keçən il Çindəki "App Store"dan süni intellektlə əlaqəli bir neçə proqram yoxa çıxıb. Nizami Bağırov