Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və Əlcəzair arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdelvahab Osmana təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycanla Əlcəzair arasında artan tərəfdaşlığın, dost münasibətlərin, yüksək səviyyəli təmasların məmnunluq doğurduğunu vurğulayıblar. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, enerji, parlamentlərarası əlaqələr və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunub. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığı davam etdirdiyi bildirilib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanla münasibətlərin normallaşması prosesi barədə məlumat verib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bizim.Media