Dünya
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
Ukrayna prezidenti Volodimir Zelenski ölkə ordusunun Rusiyanın böyük hücumuna hazırlaşdığını bildirib. Eyni zamanda, onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının Ukraynaya 61 milyard dollar məbləğində yardımın təsdiqlənməsi barədə qərarından sonra ölkəsinin qalib gəlmək şansı var.
Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə NBC telekanalının "Meet the Press" proqramına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-ın yardımı Kremlə ABŞ-ın Ukraynanın yanında qalacağına dair güclü siqnal olacaq. Bununla bağlı o, ABŞ-ı tezliklə qanun layihəsini Senatda qəbul etməyə və silahların, xüsusilə hava hücumundan müdafiə sistemlərinin və uzaq mənzilli silahların faktiki təhvil verilməsinə başlamağa çağırıb.
Respublikaçıların nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası dünən, aprelin 20-də qəbulu 6 ay yubanmış Ukraynaya əlavə yardım haqqında qanun layihəsini təsdiqləyib. Zelenski bu qərarı "Sağ ol, Amerika!" sözləri ilə şərh edib. O, ABŞ konqresmenlərinə, hər iki partiyaya və şəxsən Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Consona "tarixi doğru yolda saxlayan" qərara görə təşəkkür edib. Zelenski həmçinin qanunun Senat və ABŞ prezidenti Co Bayden tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.
Aydın