Dünya

Hər il 100 milyard dollarlıq hava qaçaqmalçılığı - Kim məsuliyyət daşıyır?

Hər il beynəlxalq hava limanlarında sərnişinlər qaçaqmalçılıq yolu ilə təxminən 100 milyard dollar nağd pul aparırlar.  Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır. Nəşr bu qədər böyük həcmdə hava qaçaqmalçılığının səbəblərindən biri kimi banklarda təhlükəsizlik qaydalarının sərtləşdirilməsini göstərir. Nümunə olaraq, WSJ 2020-ci ildə Londonun Hitrou hava limanından Dubaya nağd pul olan 7 çamadanın daşındığı bir hekayəni xatırladır. "The Wall Street Journal" qeyd edir ki, baqajın yoxlanılması avadanlıq və personal baxımından əksər beynəlxalq hava limanları üçün baha başa gələn prosedurdur. Bundan əlavə, heç də bütün ölkələr vətəndaşlardan sərhədi keçərkən xarici valyutada pul bəyan etmələrini tələb etmir. Britaniya hüquq-mühafizə orqanlarına görə, bu boşluqlar milyardlarla dollar nağd pulun Böyük Britaniyadan və digər ölkələrdən çıxarılmasına imkan verir. Nəşr qeyd edir ki, pul ixracı üçün ən populyar istiqamətlərdən biri də BƏƏ-dir. Eyni zamanda, BƏƏ-nin rəsmi nümayəndəsi "The Wall Street Journal" ilə söhbətində bildirib ki, Dubay Londonla məlumat mübadiləsi də daxil olmaqla, qeyri-qanuni maliyyə axınlarına qarşı mübarizə tədbirlərini gücləndirməyə davam edir. WSJ-yə danışan Böyük Britaniya Milli Cinayət Agentliyinin baş müstəntiqi Yan Trubi vurğulayıb ki, hava limanının təhlükəsizliyinin əsas vəzifəsi cinayəti aşkar etmək deyil, uçuş təhlükəsizliyini təmin etməkdir.  "Emirates Airlines" (dünyanın ən böyük aviaşirkətlərindən biri, baş ofisi Dubayda yerləşir) nümayəndəsi bildirib ki, qaçaqmalçılığın müəyyən edilməsi pulun götürüldüyü ölkənin səlahiyyətli orqanlarının üzərinə düşür.  2020-ci ildə Böyük Britaniyadan BƏƏ-yə ən böyük nağd pul köçürmə proqramlarından birində iştirak edən Hitrou Hava Limanının sözçüsü təhlükəsizlik təcrübələri ilə bağlı şərh verməkdən imtina edib. Aydın