Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovun rəhbərliyi ilə dost ölkənin incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə Azərbaycana səfərə gəlib. Bizim.Media xəbər verir ki, aprelin 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov arasında görüş keçirilib. Nümayəndə heyətini salamlayan nazir ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri münasibətilə təbriklərini çatdırıb, zəngin proqramı olan bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib. Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq. Qırğız nazir Altınbek Maksutov səmimi qəbula və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq. Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev müstəqillik tarixində ölkəsinin Azərbaycanda gerçəkləşən ilk mədəniyyət günlərini əlamətdar hadisə kimi səciyyələndirib. Görüşdə iki ölkə arasında kitabxana və muzey işi üzrə əməkdaşlıq, eyni zamanda teatr sahəsində mübadilə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bizim.Media