“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Dövlət başçımızın tarixi nitqində səsləndirdiyi bu fikirlər həm də ölkəmizin gələcək dövr üçün siyasəti ilə bağlı verilmiş mesaj idi. Tarix təkrarlanır... Məlum olduğu kimi, türklər tarix səhnəsini çıxdıqları vaxtdan etibarən dünyanı dəyişməyi bacarıblar. Böyük imperiyalar qurmuş türk xalqları yüz illər boyu dünya siyasətinə yön verən əsas qüvvə olublar. Lakin sonradan vəziyyət dəyişdi, qardaş türk xalqları bir-birindən ayrı düşdülər. Özü də bu proses çox qısa müddətdə, ötən əsrin 10-20-ci illərində baş verdi. İki böyük türk xaqanlığı - Osmanlı və Qacarlar süquta uğradı, SSRİ yarandı və qardaşlar arasında sədlər çəkildi. Ancaq bu sədlər sadəcə fiziki mahiyyət daşıdı, mənəviyyatımızı, tarixi yaddaşımızı dəyişməyi bacarmadı. SSRİ-nin ən sərt totalitar nəzarət mexanizmi belə nə Orta Asiya, nə də Azərbaycan türklərinin ruhundakı qardaşlığa mane ola bilmədi. Bu isə türk ulusunun böyüklüyünün nişanəsi idi. Alman alimi Fritz Neumarkın da dediyi kimi: “Türkləri tarix səhnəsindən çıxarsanız, tarix deyə bir şey qalmaz” SSRİ-nin dağılması Türk dünyasının yenidən əvvəlki böyük günlərinə qayıtması üçün tarixi fürsət yaratdı. Elə SSRİ-nin dağılmasından sonra türk xalqları bu fürsəti anındaca dəyərləndirdilər. 1992-ci ildə yeni müstəqillik qazanmış qardaş dövlətlər Türkcə Danışan ölkələr Zirvəsinə toplaşdılar. Sonrakı illərdə də bu yaxınlaşma davam etdi və 2009-cu ildə Türk Dövlətləri Təşkilatı yaradıldı, özü də Naxçıvanda, türk dünyasının birləşdiyi məkanda atılan imzalarla... Həmin dövrdən etibarən türk dövlətləri arasında münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoydu. Xüsusilə də, Vətən müharibəsi dönəmində digər türk dövlətlərinin dəstəyini yaxından hiss etdik. Hətta, Ermənistanın da üzv olduğu KTMT-də təmsil olunan türk dövlətləri belə Azərbaycanı haqq savaşında açıq şəkildə dəstəklədiklərini ifadə etdilər. Türk Dünyası böyük gücə çevrilir...
Bu gün Türk Dövlətləri Təşkilatına 5 ölkə üzvdür, 3 ölkə isə müşahidəçi statusunda TDT-də təmsil olunur. Ümumilikdə, üzv və müşahidəçi ölkələrin əhalisinin sayı 166 milyon nəfərə, ərazisi isə 5 milyon kv.km-ə yaxındır. Təşkilatın ÜDM-i isə nə az, nə çox 1,4 trilyon dollara yaxındır. Üstəlik, yerləşdikləri coğrafi mövqe baxımından da türk dövlətləri dünyanın diqqət mərkəzindədir. Çünki Şərqi Qərbə birləşdirən əsas yollar məhz türk torpaqlarından keçir. Bu da qarşılıqlı inteqrasiyanın birgə inkişafımıza nə qədər böyük töhfə verəcəyinin göstəricisidir. Qırğızıstan Prezidenti Azərbaycana niyə gəlir? Məlum olduğu kimi, bu gün qardaş ölkənin - Qırğız Respublikasının Prezidenti Sadir Japarov Azərbaycana gəlir. İki gün davam edəcək səfərə Qırğızıstan xeyli sayda dövlət rəsmiləri də qatılacaq. Həmin dövlət rəsmiləri siyahısında siyasi, sosial və iqtisadi sferaları təmsil edən nazirlərin də olması onu deməyə əsas verir ki, səfərin gündəliyi olduqca zəngin olacaq. Yəqin ki, tərəflər bir sıra istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, səfər çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Səfərin simvolik əhəmiyyəti də böyükdür... Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyevin verdiyi məlumata görə, Sadir Japarovun Ağdama səfəri də nəzərdə tutulur. S.Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Qeyd edək ki, bu məktəbin Qırğızıstan tərəfindən inşa ediləcəyi barədə məlumat verilmişdi. Bu isə qardaş ölkənin Böyük Qayıdışa verdiyi dəstəyin nişanəsi hesab oluna bilər. Nəticə olaraq deyə bilərik ki, dəyişən dünya və geosiyasi şərtlər yeni reallıqları meydana çıxarır. Bu reallıqlar fonunda isə Türk Dünyasının yaxınlaşması artıq zərurətə çevrilib. Göründüyü kimi, türk dövlətləri də bu zərurəti nəzərə alaraq, tarixi qardaşlıq bağlarımızı möhkəmləndirmək üçün mühüm addımlar atırlar. Türk Dünyasının inteqrasiyası isə dünyanın mərkəzi adlandıra biləcəyimiz ərazidə, Asiya və Avropanın birləşdiyi məkanda yeni bir gücün meydana çıxdığını göstərir. Hansı ki, bu güc yaxın illərdə dünya siyasətinə yön verən əsas faktorlardan birinə çevriləcək... Bizim.Media