Siyasət
Blinken Bakı və İrəvana niyə zəng edib? - Zərdüşt Əlizadənin şərhi
"Blinkenin bu zəngləri ABŞ-ın geosiyasi və iqtisadi maraqlarını təmin etmək üçün verilən mesajlardır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, xalq məsəlində deyildiyi kimi, "ayının min oyunu, bir armudun üstündədir":
"ABŞ Dövlət Departamenti rəhbərinin Azərbaycan və Ermənistan rəhbərlərinə zəngi birmənalı şəkildə ABŞ-ın geosiyasi və iqtisadi maraqlarını təmin etmək üçün edilən zənglərdir. O, Paşinyana erməni xalqının yazıq olduğu, onun qırdırılmasının dayandırılması, ifrat anti-Rusiya mövqeyilə məhrumiyyətlərə məhkum edilməsinə son qoyulması üçün zəng etmir. Əksinə, Paşinyandan mövcud xətti davam etdirməyi, Rusiyanın sürətlə bölgədən çıxarılmasına təkan verməyi, sürətlə Qərbə yönəlməyi tələb edir. Bununla yanaşı, bildirir ki, Qərb Ermənistanın nə təhlükəsizliyini təmin edəcək, nə də iqtisadi kömək əlini uzatmayacaq".
Politoloq vurğulayıb ki, daha əvvəl Gürcüstan, Moldova, Ukrayna bunları tələb etməklə bəlaya düşdü, torpaqları, insanlarını itirdilər:
"ABŞ Azərbaycana isə bunu deyə bilməz. Çünki Azərbaycanın fərqli mövqeyi var. Blinkenin sözdə tərəflərin dinc şəkildə delimitasiya və demarkasiya əməliyyatlarına başlamasını, münasibətləri tənzimləmələrini alqışladığını deyir. Amma bu kimi gözəl sözlərin arxasında birmənalı şəkildə ABŞ-ın maraqlarını unutmamağı da tələb edirlər".
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunan razılaşma ətrafında fikir mübadiləsi aparılıb. Blinken bu addımın Vaşinqton tərəfindən təqdir edildiyini vurğulayıb. İlham Əliyev isə tezlikdə Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanda görüşəcəklərini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.
Onu da vurğulayaq ki, həmin gün Blinken Ermənistan baş naziri Paşinyanla da telefonla danışıb.
Rüfət Sultan