NATO ilə Rusiya arasında gərginlik nüvə təhdidinə qədər gəlib çatıb. Son zamanlar NATO-nun Polşada nüvə silahı yerləşdirə biləcəyi barədə yayılan informasiyalar genişlənməyə başlayıb. Bir müddət əvvəl Polşanın “Fakt” nəşrinə müsahibə verən ölkə Prezidenti Anjey Duda NATO müttəfiqlərinin alyansın şərq cinahının təhlükəsizliyinin gücləndirilməsinin bir hissəsi kimi zəruri hesab etdiyi təqdirdə, öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bəyan edib. “RMF24” radiosuna müsahibəsində istefada olan polşalı general Yaroslav Kraşevski də qeyd edib ki, Polşanın uzun illərdən sonra ilk dəfə olaraq nüvə dövləti statusu alması və öz ərazisində nüvə silahı yerləşdirməsi ehtimalı reallaşır. Onun dediyinə görə, bu ssenari ABŞ-ın nüvə silahlarının NATO ölkələrinin ərazisinə yerləşdirilməsini nəzərdə tutan Nüvə mübadiləsi proqramı çərçivəsində həyata keçirilə bilər. O, qeyd edib ki, Varşava bunu gələcək illər üçün prioritet hesab edir.
Qeyd edək ki, Polşanı belə düşünməyə vadar edən məqam Rusiyanın Belarusda nüvə başlıqları yerləşdirməsi və Kalininqrad vilayətində bu istiqamətdə atdığı addımlarla bağlıdır. Düzdür, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, qurumun Polşa ərazisində ABŞ-ın nüvə qüvvələrini yerləşdirmək planı yoxdur. Xatırladaq ki, Rusiya rəsmiləri də öz növbəsində NATO-nun Polşa ərazisində nüvə silahı yerləşdirməsi məsələsinin gündəmə gəlməsinə sərt reaksiya veriblər. Bu əsasda aydın görünür ki, NATO belə bir addım atarsa, onunla Rusiya arasında onsuz da gərgin olan vəziyyət daha kritik xarakter alacaq. Hətta bu dəfə Rusiya sərhədində olmaqla növbəti Karib böhranı yaşana bilər. Görəsən, NATO Polşaya nüvə silahı yerləşdirərsə, dünyanı yeni Karib böhranı gözləyə bilərmi? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, NATO-nun Polşada nüvə silahı yerləşdirməsi Karib böhranı deyil, Üçüncü Dünya Müharibəsinin başlanmasının əsasını qoyacaq: “Polşa Prezidenti Anjey Duda belə bir təkliflə çıxış edib. Özü də bu onun ilk belə çıxışı deyil. Əvvəlki illərdə də Duda anoloji çıxışlar edib. Məsələ ondadır ki, Polşa Prezidentinin bu təşəbbüsünün arxasında təkcə dediyi kimi Rusiya tərəfindən olan məlum təhdidlər dayanmır. Digər amil odur ki, Polşada nüvə silahının yerləşdirilməsi əslində NATO tərəfindən bu ölkəyə mümkün investisiyaların yerləşdirilməsinə bərabər tutulur. Bu isə indiki şəraitdə Polşanın xeyrinədir. Ancaq ona maneə olan amillər var. Onlardan birincisi NATO ilə Rusiya arasında 1997-ci ildə əldə edilən razılıqdır. Ona əsasən NATO 1997-ci ildən sonra quruma üzv olan Şərqi Avropa ölkələrində nüvə silahını yerləşdirməyəcəyilə bağlı öhdəlik götürüb. Rusiya Prezidentinin sözçüsü Peskov bildirib ki, NATO 1997-ci il razılaşmanın şərtlərini pozsa, Moskva artıq Polşa ərazisindəki quruma məxsus obyektləri vurmaq üçün legitim hüquqlar əldə edəcək. Polşa ictimaiyyəti də NATO nüvə silahının ölkələrində yerləşdirilməsindən narahatdır. Rusiya müdafiə naziri Şoyqu da məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, NATO qüvvədə olan razılaşmanın şərtlərini pozacaqsa, bu artıq Moskva üçün ölüm-dirim məsələsi olacaq. Belə vəziyyətdə Rusiyanın nüvə silahına müraciət etməsindən başqa digər çıxış yolu olmayacaq. Bu isə Karib böhranı deyil, üçüncü dünya müharibəsinin başlaması üçün legitim addımın atılması demək olacaq”. Rüfət Sultan, Bizim.Media