Siyasət

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb - FOTO

Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İraq Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyəti, müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib. O, bu cür forumların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün geniş imkan yaratdığını qeyd edib. S.Qafarova tədbirin parlament paneli çərçivəsində aparılacaq müzakirələrin uğurlu olacağına əminliyini ifadə edib. Azərbaycan və İraq arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, bu əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Cari ilin fevralında Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası çərçivəsində Bakıda Nümayəndələr Şurasının sədri ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Milli Məclisin sədri parlamentlər arasında əməkdaşlığın ölkələr arasında münasibətlərin daha da dərinləşməsində rolunu qeyd edib. O, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı təmaslarının önəmini bildirib. S.Qafarova Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinin mövcud vəziyyəti barədə də məlumat verərək, iki ölkə arasında delimitasiya prosesinin uğurla başa çatacağına və sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. O, bu sülhün bütün Cənubi Qafqaz üçün faydalı olacağına əminliyini bildirib. İraq Nümayəndələr Şurasının sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakdan məmnunluğunu bildirib. O, parlamentlərarası dostluq qruplarının işinin daha da intensivləşdirilməsi, turizm, təhsil, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb. COP29 kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran qonaq Azərbaycanın bu istiqamətdə səylərinin yüksək qiymətləndirildiyini qeyd edib. İraq parlamentinin spikeri Azərbaycan və Ermənistan arasında delimitasiya prosesində əldə olunmuş razılaşmadan məmnunluqla danışaraq, tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Bizim.Media