Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Moldova Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakotla görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. O, təsisatın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini bildirib, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə, o cümlədən Moldova ombudsmanı ilə sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki ölkənin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə əməkdaşlıq fəaliyyətinin davam etdirildiyini deyib. Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu, azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinin, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib. Lakin həmin ərazilərdə işğal dövründə basdırılmış minaların görülən işlərə maneə törətdiyi, eləcə də mülki şəxslərin həyat və sağlamlığına təhdid yaratdığı diqqətə çatdırılıb. Ombudsman cari ildə ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Moldova Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakot öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirib. Görüşdə, həmçinin Azərbaycanla Moldova arasında insan hüquqları sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə müzakirələr aparılıb. Bizim.Media